Təcili yardıma hər gün minlərlə zəng daxil olur. Elə insan var, adi əhəmiyyətsiz vəziyyətlərdə belə qorxudan təcili yardımı çağırır. Elə insanlar da var ki, ağır vəziyyətdə olsa da həkim çağırmır.
Bəziləri isə hansı halda təcili yardım çağırılmasını da bilmir.
Medicina.az hansı hallarda yubatmadan təcili yardım çağırılmasının labüdlüyü barədə hazırladığı materialı təqdim edir.
1.Döş qəfəsi və kürəkdə ilk dəfə güclü, deşici, yandırıcı ağrı
Əgər ağrı basıcı, yayılan, nəfəsi kəsən ağrıdırsa, qola, çənəyə, kürəyə yayılırsa və 15 dəqiqədən çox çəkirsə, mütləq təcili yardım çağırmaq lazımdır.
Şübhə: bu hal 40% hallarda miokard infarktının, yaxşı halda isə stenokardiyanın əlamətidir. İlk dəfə insanda stenokardiya tutmasının özü də qorxulu haldır. Bu o deməkdir ki, o insanda iri koronar damarlarda tıxanma var.
Təcili yardım infarktı təsdiq edərsə, xəstəxanaya götürür, stenokardiyadırsa, ilkin yardım göstərir. Sabahı xəstə kardioloqa ətraflı müayinəyə getməlidir.
2.Qarının mərkəzində güclü ağrı
30 dəqiqədən bir neçə saata kimi davam edən belə ağrılar zamanı sancı sağ və ya sol tərəfli üzü aşağı doğru yayılır. Qarın bərkiyir. Paralel olaraq qusma, ürəkbulanma, hərarət olur.
Şübhə: kəskin appendisit ola bilər. Bu simptomlarla qarın ağrısını iynə və ya dərmanla saxlamağa çalışmayın. Çünki bu hal sizi və həkimi çaşdırıb, kəskin vəziyyəti gizlədə bilər. Kəskin appendisitdə xəstəxanaya çatdırılma nə qədər tez olarsa, əməliyyat ağırlaşması riski bir o qədər az olar.
3.Tüpürcək və bəlğəmdə qan izi
Əgər xəstə istər kəskin virus və qızdırma olmadan, istərsə də qripə şübhəli simptomlarla yanaşı bəlğəmində qan izləri görürsə dərhal təcili yardıma zəng olunmalıdır və hospitəlizə edilməlidir.
Şübhə: Ağciyərlərin kəskin iltihabı, vərəm, emboliya, ürək problemi ola bilər
4.Sidikdə qan
Daha çox sol-sağ böyrəkdə, qasıqda ağrı, sancı ilə birgə xarakterizə olunur.
Şübhə: böyrəklərdə travma, daşlar, sidik yoluna daş düşməsi və s.
Bu zaman ağrıkəcisi istifadə etmək olar.
5.Qanlı qusma
Bu hal mədə-bağırsaq orqanlarının xorası, qastrit, şişləri, venoz damar genişlənməsi problemlərində ola bilər. Hətta qanlı qusma dayansa da, təcili yardım mütləqdir. Çünki sonradan daxili qanaxma ola bilər.
6.Qəfil başgicəllənmə, huşun itməsi, kəskin baş ağrısı
Xəstə görməsində qəfil zəiflik, müvazinətin itməsi, əl və ya ayaqda süstlük, nitqində problem, huşun itməsi simptomlarını görürsə, təcili yardım mütləqdir. Ola bilər, xəstə desin ki, elə bil yelləncəkdədir, başı hərlənir, oturmaq, uzanmaq istəsin.
Şübhə: Beyin işemik və ya hemorragik insult.
7.Sağ qabırğaaltında kəskin deşici ağrı
Ağrı çiyinə, kürəyə, qola, ayağa yayılır, qusma, ürəkbulanma, ağızdan sarı öd gəlməsi, diareya, hərarət 37-ni keçir.
Şübhə: Öd kisəsində daş
Təcili əməliyyata alınmalıdır.
.