Ötən gün Bakıda "Zəfər Festivalı -2 " tədbiri baş tutub.
"Medicina" xəbər verir ki, Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Unniversiteti, Nəsimi rayon Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçlılığı ilə tələbələr arasında baş tutan tədbirin sponsoru Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi idi.
Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində “Zəfər festivalı-2” adlı idman yarışları qaliblərinin təltif olunma mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin vitse-spikeri, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, eləcə də ali təhsil ocağının professor-müəllim heyəti çıxış edib..
“Təbib” idman klubu ilə yanaşı müxtəlif idman qurumlarının nümayəndələrinin də toplaşdığı tədbir Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində yerləşən şəhidlərin xatirə barelyefinin önünə gül dəstələri qoymaq mərasimi ilə başlayıb.
Beləliklə, Vətən uğrunda canından keçənlərin əziz xatirəsi yad edilib. Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə daha sonra musiqi sədaları altında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlara baxış olub.
“Zəfər Festivalı - 2” idman yarışının iştirakçılarını salamlayan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, festivalda ölkəmizin əksər universitetləri təmsil olunub. Tarixi zəfərimizin adını daşıyan idman festivalında iştirak etməyin artıq bir qalibiyyət olduğunu söyləyən rektor, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinə hər zaman xüsusi diqqət ayrıldığını vurğulayıb. Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hər kəsdə böyük qürur hissi yaratdığını söyləyib. Zəfər Festivalında zəhməti olan bütün məşqçiləri, idmançıları təbrik edən rektor ATU-da bundan sonra da belə festivalların ənənəvi olaraq daha geniş, daha mütəşəkkil şəkildə keçiriləcəyini bildirib.
Çıxış edən digər nümayəndələr bu festivalı ali məktəblərdə yaradılan idman mühitinin göstəricisi kimi dəyərləndirərək bu tədbirlərin Azərbaycan idmanının inkişafına, bütün dünyada tanınmasına xidmət göstərdiyini vurğulayıblar. Bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycanın artıq idman ölkəsi kimi tanınmasının və bu sahənin sürətli inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu da qeyd ediblər. Bu gün idmançılarımızın yerli və beynəlxalq turnirlərdə qazandıqları nailiyyətləri Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi kimi qiymətləndirmək olar.
Xatırladaq ki, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin də yaxından dəstəyi ilə mayın 4-dən 25-dək keçirilən idman yarışlarında 22 ali təhsil müəssisəsinin komandaları iştirak ediblər. İdmançılar stolüstü tennis, badminton, şahmat, futzal, qol güləşi, voleybol (oğlanlar), voleybol(qızlar) və digər idman növləri üzrə öz güclərini sınayıblar.
“Zəfər Festivalı-1”-də olduğu kimi “Zəfər Festivalı-2”-də də Azərbaycan Tibb Universitetinin komandaları öz liderliyini qoruya bilib.
Festivalın təntənəli bağlanış mərasimində qaliblər kubok, diplom və medallarla təltif olunublar.
MEDİCİNA.AZ