“Koronavirusun əvvəlki ştammında yoluxuculuq 7-12 gün olurdu”.
Medicina.az xəbər verir ki, bu barədə cərrah Rauf Qasımov Səhiyyə Nazirliyinin stasionar şəraitdə “COVID-19”un müalicəsi ilə bağlı canlı yayımda bildirib.
O qeyd edib ki, yeni ştammlarda isə bu müddət uzanıb:
“Britaniya ştammı və son vaxtlar aşkarlanan digər ştammlarda yoluxuculuq 28 günə qədər davam edir. Yeni ştamma yoluxan çox xəstələrdə 24-28 gündə yaxma götürüləndə pozitiv çıxır. Tövsiyə edərdim ki, həmin şəxslər 28 gündə heç kimlə kontaktda olmasınlar. Yəni həmin şəxslər digərlərini yoluxdura bilərlər”.
Həkim onu da deyib ki, COVID-ə yoluxub evdə müalicə olunan xəstələrdə hərarət davamlı yüksəlirsə, 38 və daha çox temperatur olursa, düşmürsə, bu zaman həkimə müraciət etmək lazımdır:
“Bu zaman demək ki, iltihab var. Öskürək başlayıbsa, əsasən də quru, boğucu öskürəkdirsə, COVID-in ağciyərləri zədələməsi ilə bağlıdır. Əgər evdə saturasiyanı ölçə bilirsizsə və saturasiya 93-dən aşağı düşürsə, siz bu zaman da həkimə müraciət etməlisiz”.
R.Qasımov bildirib ki, koronavirusun əvvəlki ştammlarında 2 həftədən sonra yaxma neqativ çıxırdı. Lakin Britaniya və digər ştammlarda 28-ci sutkaya qədər yaxma pozitiv çıxır. Bu o deməkdir ki, virus orqanizmdə davam edir. Bu səbəbdən yoluxan şəxslər 28 gün ərzində heç kəslə kontaktda olmamalıdırlar.