Düzgün qidalanmamaq, lazım olduğu qədərdə kalori qəbul etməmək bir sıra problemlərə yol açır. Bu problemlərdən biri də boy qısalığıdır. Bir neçə əsr əvvəllə müqayisədə insanların boyunun artdığı deyilsə də, ekspertlər daha öncəki illərə baxdıqda bunun əksinin müşahidə olunduğunu söyləyir.
Sputnik Azərbaycan boy qısalığı, onun səbəbləri, dünyada ən hündür boylu əhaliyə sahib ölkələrlə Azərbaycanı müqayisə edib.
Endokrinoloq Nərmin İsmayılova Sputnik Azərbaycan-a açıqlamasında bu problemin yaranma səbəblərindən danışıb: "Uşaqlarda boy qısalığının səbəblərini öyrənmək üçün mütləq onda endikrinoloji xəstəliklərin olub-olmamasını araşdırmaq lazımdır. Çünki qalxanvari vəzinin funksiyası aşağı olduqda da boy qısalığı problemi yaranır. Bundan başqa, qida çatışmazlığı, düzgün və keyfiyyətli qidalanmamaq, həmçinin "fast food"a, un məhsulları və şirniyyata daha çox üstünlük verilməsi boyun inkişafını ləngidir. Çünki boyun normal inkişafı üçün uşaq lazımı qədərdə vitaminlər, kalsium qəbul etməlidir. Boyun inkişafı üçün bədənin lazım olduğu qədərdə D vitamini zəngin olması da önəmlidir".
Ekspert son illər ölkəmizdə də bu problemin 30 faizədək artdığını söyləyir. O bildirir ki, bu problemin yaranmasında boy artımına təsir edən hormonların əskikliyi, genetik faktorların da təsiri danılmazdır: "Ailədə atanın boyunun normada olması uşağın da hündür boy olacağı demək deyil. Çünki uşağın boyu həm atanın, həm də ananın genindən asılıdır".
Qeyd edək ki, yeni doğulan körpənin boyu 1 ildə 24 sm, 1-2 yaş arası olanlarda 12 sm, növbəti illərdə isə 5-6 sm artmalıdır. Yeniyetməlik çağlarında isə qızlarda boy 15-20 sm, oğlanlarda isə 20-25 sm artır.
Ekspertlər isə deyir ki, əgər uşağın boyu illik 5 santimetrdən çox artmırsa, bu zaman mütləq həkimə müraciət edilməlidir.
Qeyd edək ki, bu gün dünyanın ən hündürboylu əhalisi olan ölkələr Hollandiya, Finlandiya, Montoneqro və Bosniya və Hersoqovinadır. Montenoqroda kişilərin orta boy ölçüsü 183.4 sm, Finlandiyada 180.7 sm, Bosniya və Hersoqovinada 181.7 sm, Hollandiyada 180.8 sm-dır. Dünyanın ən hündür boylu qadınları isə Monteneqro və Bosniya və Hersoqovinada yaşayır. Monteneqroda qadınların orta boy ölçüsü 169.4, Bosniya və Hersoqovinada isə 169.4 sm-dir.
Qeyd edək ki, Azərbaycanda kişilərin orta boy ölçüsü 171.8 sm, qadınlarda isə 165.4 sm-dır.