Böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyə əsasən, 20-50 yaşlarında təsadüf olunur. Əksər hallarda kişilərdə rast gəlinir. Lakin, bəzi növ daşlar daha çox qadınlarda müşahidə olunur.
Medicina.az xəbər verir ki, uzman-terapevt Çinarə Səfərova bu barədə məlumat paylaşaraq bildirib ki, böyrək daşının bir neçə əmələgəlmə səbəbi vardır. Bunlara aşağıdakılar aiddir:
-Daş əmələgəlməyə irsi meyillik (yəni yaxın qohumlarında, yaxud ailə üzvlərində daş xəstəliyi olan insanlar);
-Az maye qəbulu;
-Az hərəkətli həyat tərzi;
-Piylənmə;
-Uzunmüddətli duzlu qidalarla qidalanma;
-Sidik yollarının anadangəlmə qüsurları – anomaliyalar (sidik çıxarıcı yollarda daralmalar və sidiyin sidik yollarında ləngiməsinə səbəb olan digər faktorlar);
-Sidik axarında daralma, hidronefroz;
-Böyrək sallanması;
-Böyrəklərdə və sidik yollarında əməliyyat keçirmiş insanlar;
-İnfeksion iltihabı xəstəliklər;
-Bir sıra endokrin və sistem xəstəlikləri və. s.
"Bu səbəblərdən də sidik daşı xəstəliyinin əmələ gəlməsi həm bütövlükdə orqanizmdə gedən fiziki – kimyəvi proseslər toplusu, həm də yalnız sidik yollarındakı dəyişiklikərlə əlaqələndirilir", - deyə həkim əlavə edib.