Elə məhsullar var ki, gündəlik olaraq onlardan istifadə edirik, yuyub təmizləyərək dadlı və faydalı yeməklər hazırlayırıq. Təmizlədiyimiz hissələrini isə təbii ki, tullayırıq. Amma əslində elə meyvə və tərəvəzlər var ki, onların qabıqları və ya saplaqları düzgün istifadə edildiyində ən azından özü qədər çox faydalıdır.
Medicina.az bu gün sizə zibil bilib atdığımız, əslində isə bir sıra faydaları olan ərzaqların siyahısını təqdim edir:
Çiyələyin saplağı – çiyələk ən ləzzətli və faydalı giləmeyvələrdən biridir. Adətən onu yedikdə saplağını atırıq. Amma xalq təbabətində çiyələk saplağı çox faydalı hesab edilir.
Kimyəvi tərkibinə görə saplağı heç də özündən geri qalmır. Belə ki, saplaq müxtəlif vitaminlər, minerallar və antioksidantlarla çox zəngindir. Buna görə də, iltihab əleyhinə, sidik və ödqovucu, təzyiqi tənzimləyən, qrip və soyuqdəymə zamanı, qanda olan xolesterol və şəkər səviyyəsini salmaq üçün istifadə edilə bilər. Qurudulmuş çiyələk saplağından əsasən də ürək və qan-damar xəstəlikləri zamanı çox istifadə olunur.
İstifadəsi: 15 ədəd çiyələyin saplağının qurusunu 1 lt suda 30 dəqiqə boyunca dəmləyin və çay kimi için.
Qarğıdalı saçağı - əsasən ifrazat sistemi xəstəliklərində çox faydalıdır. Çayın tərkibi böyrək daşlarının yaranmasının qarşısını alır və süzmə prosesini yaxşılaşdırır. Kişilərdə tez-tez rast gəlinən prostat vəzi problemlərini də aradan qaldırır. Bununla yanaşı, revmatizm, yüksək təzyiq, qan təzyiqi, diabet xəstəliklərinə və xroniki bir çox xəstəliklərə faydalıdır.
İstifadəsi: qarğıdalı saçağını təmizləyib üzərinə qaynanmış su tökün. Çox zəif odda 10 dəqiqə dəmləyib fincana tökün. Diqqət edin ki, qaynamasın. Qaynadıqda həm öz faydalı inqrediyentlərini itirir, həm də dadı acı olur.
Qoz pərdəsi - Bu vasitə radikulit, oynaq ağrılarının, baş ağrılarının müalicəsində effektiv təsir göstərir. Qoz pərdəsi yuxusuzluğa da kömək edir. Araqla qoz pərdəsi qarışığının antiseptik xüsusiyyətləri var, ona görə də onu tez-tez kiçik kəsik yaraları dezinfeksiya edilməsi üçün istifadə edirlər. Qozun tərkibində yod bol miqdarda olduğu üçün ondan zob xəstəliyinin müalicəsində də istifadə edilir.
Hazırlanması: Qoz pərdələrini tünd rəngli şüşə bankaya tökün, sonra üzərini örtəcək qədər araq əlavə edin. Bankanın qapağını kip bağlayın və qaranlıq yerdə saxlayın. 14 gün ərzində qoz pərdəsinin dəm almasını gözləyin. 2 həftə sonra arağı süzmək lazımdır.
5-6 damcı cövhəri 2 xörək qaşığı qaynanmış su ilə qarışdırıb istifadə edin. Bu cövhərlə müalicə müddəti 3 həftədən 3 aya qədərdir.
Banan qabığı – banan qabığı bananın özü qədər faydalıdır desək yanılmarıq. Banan qabığından dişlərin ağardılmasında, dəridə olan zədələrin sağalması, kosmetik vasitə kimi istifadə edilə bilər.
Portağal qabığı - portağal qabığının qurusu ən yaxşı qurdtökən vasitə kimi istifadə edilir.
İstifadəsi: bir su stəkanına 2 yemək qaşığı portağal tozunu tökün
Stəkanın yarısı qədər süd, qalanına su əlavə edin. Səhər ac qarına için, böyük bayıra gedənə qədər yemək yeməyin. Bir həftə sonra proseduru təkrar edin. Həmçinin bu vasitə uşaqlarda boyu uzadır.
Badımcan qabıqları - olduqca faydalı antioksidant maddələrlə zəngindir. Bu antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində qoruyur.
Badımcan qabıqlarında olan antioksidantlar aterosklerozla mübarizədə ən yaxşı təbii vasitələrdən biridir. Ateroskleroz zamanı damarların daxilində xolesterin (yağa oxşayan maddə) yığılır. Nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Bu isə hipertoniya, stenokardiya, infarkt və s. ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur. Buna görə də badımcanı qabıqlı yemək tövsiyyə olunur.
Arzu Mirzəyeva
Medicina.az