Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Biz qatil deyilik, sizi xilas edən həkimik - Cərrahın həbsinə duyğusal etiraz

  • 2025.01.22 23:50
  • 1005 Baxış
Biz qatil deyilik, sizi xilas edən həkimik -  Cərrahın həbsinə duyğusal etiraz

Məlum olduğu kimi, Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurovanın ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub.

Medicina.az az xəbər verir ki, Sənan Mehdiyevin həmkarı, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli bildirib ki, bu, vicdanlı, peşəkar həkimlər üçün sarsıdıcı hadisədir. Onun fikrincə, məhkəmə həkimlə bağlı qərarda daha humanist qərar verə bilərdi:



Ramil Həşimli

"Sənan həkimlə 10 ilə yaxın bir şöbədə çalışmışam. 2008-də mən institutda işə başlayanda, bu gün döşünə döyən həmkarlarımızın bir çoxu hələ ixtisasın "oktyabryat andı"nı içəndə Sənan RKX-da rinoplastika edirdi. Digər əməliyyatları da o cümlədən. Ölkədə 600-ə yaxın LOR həkim var. Sənan mübaliğəsiz içimizdə nəzəri savadı da ən yaxşı olanlardan (tam səmimi deyirəm, məndən savadlı!) biridir. Burda dostluğumda belə olan neçə qohumumu da (rinoplastikaya məsləhət vermirəm demək olar ki, öz qərarları ilə gediblər) əməliyyat edib.

10 il öncə gənc bir xanım xəstəsi "bədxassəli hipertermiya" adlı bir mərəzdən vəfat etdi masada. Bilənlər bilir, bilməyənlər axtarış verib öyrənə bilər, bu vəziyyətdən xəstəni çıxarmaq mümkün idimi?!
Bu ili də təəssüf ki, yenə Sənanın əməliyyat etdiyi və əməliyyatdan bir neçə gün sonra vəfat edən bir xanım pasientin talehsiz xəbəri ilə başladıq. Sənanın səhvi varmı-yoxmu istintaq mövzusudur. Dünən öncə saxlanılması, bu günsə məhkəmədə haqqında 3 aylıq həbs qəti imkan tədbiri seçilməsi xəbərini oxuduq. Hakimin qərarıdır, qanunlarımıza uyğun seçilib.
Amma!

Sənan həkimdir, xüsusi təhlükəli cinayətkar deyil. Məhkəməyə kimi azadlıqda olması nə istintaqdan yayınma, nə də təsir etmə imkanı vermirdi, başqa tədbir də seçilə bilməzdimi?

İnsanın bildiyim (tanıyanların da qeyd etdiyi) tək əksikliyi bir qədər kobud olmasıdır, vəssalam!"

R.Həşimli hesab edir ki, həkimlərin hər an həbs oluna bilməsi qorxusu səhiyyə üçün böyük fəsadlar verə bilər:

"Heç bir həkim xəstəsinin ölməsi bir yana, ağırlaşmasını belə istəməz! İstəmirik! İşimiz gərəyi hər gün risk altında işləyirik. Hər gün hansısa xəstəmiz elementar müayinə əsnasında belə ağırlaşa bilər. Belə çıxır ki, istənilən an hər birimiz barmaqlıqlar arasına düşməkdən sığortalanmamışıq və hansısa bir ağır xəstə gördükmü, həmən qaçıb uzaqlaşmalıyıq? İnanın ki, hər ağır xəstə ilə ağırlaşır, ölənlə ölür, sağalanla sağalırıq! Qatil deyil, ən az 10 il ali tibb təhsili almış mütəxəssisik! Məsləyimiz isə mələklə-şeytan arası var gəl edən bir məsləkdir. Kimsə özünü mələk saya bilməz burda!
Ölkəmizdə elementar bir ümumi qan analizi üçün xaricə üz tutan insanlar var. Amma əhalinin neçə faizidir onlar? Bu xalqı Azərbaycan həkimi müalicə etmirmi? Bu gün sanki düşmən mövqesinə qoyulub, hədəf taxtasına oturdulmuşuq...
Uzaq deyil, 4 illik yaxın tarixdə Pandemiya, Vətən müharibəsi zamanı alqışladığınız kim idi? Neçəsi hər iki cəbhədə canını fəda etdi bilirsizmi? Alqışa görəmi çalışır həkim? Qəti! Borcudur, peşəsidir! Əksəriyyəti bunu düşünür. Nə alqış, nə də bu cür nifrət dili istəmir.

Az öncə oxudum, hər məsələyə fikir bildirən bir professorumuz yenə epidemik vəziyyətin pisləşməsindən danışıb (şəxsi müşahidəmə görə deyim- vəziyyət pis idi, son 10 gündür sanki daha yaxşıdır). Allah qorusun yenə bir pandemiya olsa elə edək ki, çalışan tapaq.

Vəfat edən gəncə gəlincə, hər bir insan ölümü faciədir. Hələ gənc ana ola! Bunu, bu sətirləri oxuyanlar arasında anasını tam da o yaşda itirən biri kimi mənim qədər hiss edə bilən az olar. Ən çox da o 3 yaşlı qızcığaza ağrıyır ürəyimiz... Qədər! Heç birimiz qaça bilmədik!

Sonunu bir həmkarımızın ifadəsi ilə deyim:

Onlarla “diplomsuz doktorcuklar” onlarla xəstə ölümünə səbəb olub sosial şəbəkələrdə hoqqa verməyə davam etdiyi bir zamanda, həqiqi bir mütəxəssisin günahı varmı, yoxmu daha şübhə altındaykən həbsə atılması professionallıq və ədalət adına çox acı bir durum….

Heç bir həkim xəstəsinin ölümünə səbəb olmaq istəməz"




Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurova Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikaların birində rinoplastika əməliyyatı etdirməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.




Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.