Bitki çayları qəbul etməyin insan orqanizminə faydası çoxdan sübut olunub və ona görə də hər kəs bitki çayları qəbul edərək ondan faydalanmağa çalışır. Sağlam olmaq üçün qidalarla yanaşı, içilən çayların da çox böyük əhəmiyyəti var. Şəfalı birkilərdən dəmlənilmiş sayların içilməsi immuniteti gücləndirir, artıq çəkidən qoruyur, eyni zamanda, bəzi problemlərin aradan qalxmasına yardım edir.
Medicina.az AZƏRTAC-a istinadən həkim və mütəxəssislərin rəyinə əsasən bitki çaylarının hər birinin müalicəvi xüsusiyyətləri barədə məlumatları oxucularına təqdim edir.
Alma çayı nəfəs darlığını aradan qaldırır, ürək problemlərində faydalı təsir göstərir.
Razyana çayı mədə və bağırsaq xəstəlikləri zamanı xeyirlidir.
Gicitkən çayı maddələr mübadiləsini sürətləndirir, böyrək xəstəlikləri zamanı müsbət təsirə malikdir.
Cökə çayı soyuqdəymə zamanı qəbul ediləndə xəstəliyin tez aradan qalxmasına yardım edir, öskürəyi azaldır.
Mixək çayı həzm prosesinə müsbət təsir edir, diş ağrılarını yüngülləşdirir.
Adaçayı təbii antibiotik funksiyasını yerinə yetirir, boğaz ağrıları zamanı çox faydalıdır. Qadınlarda hormonal pozğunluqların aradan qalxmasına yaxşı təsir göstərir.
Limon çayı soyuqdəyməyə qarşı əvəzsizdir, C vitamini ilə zəngindir, qrip və zökəm xəstəliyindən xilas edir, toksinlərin orqanizmdən xaric olunmasına təsiri yüksəkdir. İmmunitetin güclənməsində də onun böyük rolu var. Üz dərisini hamarlaşdırır və antioksidant təsir göstərir.
Arpa çayı xərçəngdən qoruyur, temperaturu aşağı salır, boğaz ağrısını aradan qaldırır, astma xəstəliyini yüngülləşdirir.
Böyürtkən çayı bir sıra xüsusiyyətləri ilə fərqlənir. Xərçəng xəstəliyindən qoruyur, ürək üçün faydalıdır, varikozun müalicəsində istifadə edilir, ishala qarşı əvəzsizdir, babasil xəstəliyinə yaxşı təsir edir.
Kəklikotu çayı boğaz ağrısını sağaldır, diş əti və ağız içi yaralar zamanı təsirli vasitədir. Soyuqdəyməyə qarşı geniş istifadə edilir, stressi azaldır və sakitləşdirir.
Çobanyastığı çiçəyinin çayı istifadə olunmaqla yanaşı, həm də soyuq halda içilir. Demək olar ki, bütün xəstəliklərə qarşı istifadə olunması faydalıdır.
Lavanda çayının psixoloji problemlərə böyük təsiri var. Stress, narahatlıq və depressiyanı azaldır, ağızdan gələn xoşagəlməz qoxuları aradan qaldırır, soyuqdəyməyə qarşı faydalıdır. Astmaya qarşı onun müsbət əhəmiyyəti var. Qızdırmasalıcı xüsusiyyətə malikdir.
Yarpızın yabanı növlərinə yarpız nanəsi də deyilir, xalq təbabətində daha çox istiotlu yarpızdan istifadə edilir. Ürək sancması, revmatizm, böyrək, vəba və digər xəstəliklərin müalicəsində səmərəlidir. Onunla dəmlənən çay mədə turşuluğunun artırılması və öd kisəsi ağrılarının qarşısını almaq üçün işlədilir. Dəmləməsi böyrəklərdə, oynaqlarda, sidik yollarında duz, kirəc və daş olan xəstələrə, mədə-bağırsaq və sinə nahiyəsi ağrılarına yaxşı kömək edir, qan dövranını tənzimləyir.