Bəzi bitki çayları müxtəlif problemlərin həlli kimi təqdim olunur. Xüsusilə qəbizlikdən əziyyət çəkən və ya tez arıqlamaq istəyən insanlar bu çayları şüursuzca istehlak edirlər.
Medicina.az xəbər verir ki, Qidalanma və Pəhriz uzmanı Tuba Kayan Tapan hər kəsin hər növ çayı içməməli olduğunu bildirib.
“6 aydan kiçik körpələrə bitki çayı verilməməlidir. 6 aydan sonra pediatrınızla məsləhətləşib cökə çayına başlamaq olar.
Dərman qəbul edənlər risk altındadır, çünki bitki çayları dərmanların effektini azalda bilir. Qaraciyər və böyrək xəstəliyi olanlar, xərçəng müalicəsi alanlar, qan durulaşdırıcı dərman qəbul edənlər diqqətli olmalıdırlar”, - deyə Tapan qeyd edib.
Tapan bir neçə bitki çayının təhlükəsini də izah edib:
“Həddindən artıq hibiskus çayı istehlakı qaraciyər fermentlərini artırır. Sarımsaq çayı qan durulaşdırıcılarla qarşılıqlı təsir göstərə bilər. Allergik insanlar çobanyastığı və ekinezya çayını istehlak etməməlidirlər. Hamilə və ya əmizdirənlər, xroniki mədə xəstəliyi olanlar və ya başqa bir sağlamlıq problemindən əziyyət çəkənlər bitki çaylarından yararlanmazdan öncə həkimləri ilə məsləhətləşməlidirlər”.
Onun sözlərinə görə, xüsusilə də arıqlama çayları qaraciyər və böyrəklərə zərər verir.
“İnternetdə satılan arıqladan çay qarışıqlarının əksəriyyətinin tərkibi məlum deyil. Bu çayların tərkibində hər cür bitki ola bilər. Həmin bitkilərin isə əks təsirlərinin üzə çıxıb-çıxmayacağı məlum deyil. Belə çaylar böyrəklərə yükü artıra və qaraciyər fermentlərini yüksəldə bilər. Bəzi çaylar hətta zəhər effekti verə bilərlər. Bitki çaylarının bəziləri isə kalium balansının pozulmasına səbəb olaraq ürəyə zərər verir. Qəbizlik və hormonal disbalans da üzə çıxa biləcək əks təsirlərdən bəziləridir”.
Mütəxəssis qeyd edib ki, qəbizliyin çarəsi çaylarda yox, lifli qidalardadadır:
“Bağırsaq hərəkətlərini tənzimləyən lifli qidalara üstünlük vermək lazımdır. Bununla belə, çoxlu su istehlak etmək də lazımdır. Nə qədər çox su istehlak edilərsə, lif bir o qədər aktivləşər və bağırsaq hərəkətliliyini artırar. Çay zamanla çay vərdiş halına gəlir və onu içməyəndə qəbizlik yaranır. Bu səbəblə qısa müddətli qəbizlik problemləri üçün su istehlak etmək və lifliq qidalar yemək kifayətdir. Bundan əlavə, qatıq, kefir kimi probiyotiklər; yulaf və ərik kimi qidalar istehlak edilə bilər”.
Tapan bitki çaylarını gündə 3 stəkandan artıq içməməyi də məsləhət görüb:
“Bitki çaylarının həddindən artıq istehlakı bəzi mənfi təsirlərə səbəb ola bilər. Buna görə də bütün bitki çaylarını gündə maksimum 3 stəkan istehlak etmək məqsədəuyğundur. Bitki çaylarının etiketlərini diqqətlə oxumaq və tövsiyə olunan istehlak miqdarına riayət etmək vacibdir. Səhhətində hər hansı problemi və ya xroniki xəstəliyi olanlar mütləq həkimlə məsləhətləşməlidirlər”.
Gül