Avropa həkimləri tibbdə ilk dəfə orqan köçürülməsindən sonra xərçəng tutulması hadisəsini qeydə alıblar. Əvvəllər donor olan insandakı bəzi xəstəliklərin orqan köçürülən xəstələrdə də başlaması halları olmuşdu.
Medicina.az xəbər verir ki, 2007-ci ildə insultdan ölmüş 53 yaşlı qadının sağlam orqanları ehtiyacl olan digər pasiyentlərə köçürülüb.
Böyrəklər iki pasiyentə, ağciyər, ürək və qaraciyər də digərlərinə nəql olunub. Təbii ki, öncədən həmin orqanlar yoxlanılıb, onlarda heç bir ciddi xəstəlik, o cümlədən şiş aşkarlanmamışdı.
Bütün 5 resipientlərin hamısında əməliyyat uğurlu olub. Lakin az sonra ürək köçürülmüş qadın tamam başqa səbəbdən dünyasını dəyişir.
2 il sonra donordan ağciyərlər almış pasiyentin limfatik düyünləri və süd vəzilərində xərçəng hüceyrələri aşkarlandı. Müayinələr göstərdi ki, hüceyrələr donordan keçib.
Şiş o qədər sürətlə böyüdü ki, qadını xilas etmək mümkün olmadı.
O zaman translpantasiyanı həyata keçirən həkimlər digər 3 pasiyenti çağırıb müayinə etdilər. Onları gözlənilən təhlükədən qorumaq istəyirdilər. həmin 3 şəxsdə skrininq heç bir şiş göstərmədi.
Lakin 2011-ci ildə pasiyentlərin birinin süd vəsizində xərçəng aşkarlandı. Pasiyentin donor qaraciyərini dəyişmək qərarına gəlinsə də qadın bundan imtina etdi. Lakin kimya və şüa terapiyasının da faydası olmadı, o, 2014-cü ildə vəfat etdi.
Digər sağ böyrək köçürülmüş qadında süd vəzi xərçəngi transplantasiyadan 6 il sonra baş qaldırdı, kəskin metastazdan xəstə öldü.
32 yaşlı digər kişi pasiyentə isə sağ böyrək köçürülmüşdü. 4 il sonra onun böyrəyində xərçəng hüceyrələri aşkar olundu, amma onun həmin böyrəyini çıxarmaqla xilas etmək mümkün oldu. Hazırda həmin 5 pasiyentdən yalnız biri yaşayır.
Mütəxəssislər bildirir ki, orqan köçürülməsi zamanı xərçəngə yoluxmaq riski çox azdlr, təxminən 0,01 %-dir. Əməliyyatdan öncə orqan və xəstə çoxsaylı müayinələrdən keçirilir. Lakin hər şeyi, bütün hüceyrələri, DNK-da dəyişiklikləri yoxlamaq mümkün deyil. Donor orqan köçürülməsində xərçəngin yaranması faktları da olmadığından mütəxəssislər buna hazır deyildilər. Bu hadisədə isə çox güman ki, diaqnostika olunmamış süd vəzi xərçəngi var imiş və mikrometastazlar baş vermişdi. Adi müayinə metodları ilə orqanlarda bir dəyişiklik görülmədiyindən onlar köçürülməyə hazır qiymətləndirilib. Amma artıq şiş hüceyrələri bu orqanlada daxil olmağa imkan tapmışdı.
Nəzərə alsaq ki, orqan əməliyyatından sonra pasiyentlərə immunodepressantlar qəbul edir, bu zaman orqanizmin öz gücü ilə şişlə mübarizə aparmağa imkanı olmur. Ona görə bu pasiyentlərdə şiş sürətlə yayılıb. Bundan sonra köçürülən orqanların KT olunması şərtdir ki, mikrometastazlar görünsün. Amma ola da bilsin ki, donor orqanlarında bu müayinə yalançı nəticə versin və həkimləri çaşdırsın.