Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir nəfərdə 3-4 xərçəng növünün aşkarlanması adi hala çevrilib – Alimlər Covid-19-dan şübhələnir

  • 2024.06.10 13:45
  • 1721 Baxış
Bir nəfərdə 3-4 xərçəng növünün aşkarlanması adi hala çevrilib –  Alimlər Covid-19-dan şübhələnir
“23 illik karyeramda belə bir şey görməmişəm”.

Medicina.az xəbər verir ki, bunu amerikalı onkoloq Kaşyap Patel “Washington Post”a bildirib.

O, Covid-19 pandemiyasından sonra nadir xərçəng növlərinin gözlənilməz insanlarda müşahidə edildiyini qeyd edib. Həkim buna virusun səbəb ola biləcəyini düşünür.

Virusların xərçəng riskini artıra biləcəyi ən azı 60 ildir məlumdur. Əslində, bütün dünyada xərçəng xəstəliklərinin 15-20 faizinə HPV, Epstein-Barr və Hepatit B kimi yoluxucu virusların səbəb olduğu təxmin edilir. Covid-19 yeni virus olduğundan onun xərçənglə əlaqəsi ilə bağlı dəqiq cavab vermək hələ mümkün görünmür.

Digər tərəfdən, pandemiya başlayandan bəri maraqlı hallarla qarşılaşan həkimlər narahatdır. Onlardan biri olan Kaşyap Patel 2021-ci ildə 40 yaşlı kişidə öd yolları xərçəngi aşkarlayıb. Bu nadir, ölümcül xərçəng adətən 70-80 yaşlı insanlarda müşahidə olunur.

Karolina Qan və Xərçəng Dərnəyinin baş direktoru Dr. Patel həmkarlarının da oxşar nadir hallarla qarşılaşdıqlarını söyləyir.

"Elə bil soyuqdəymədir, sanki hamıda xərçəng var”, - deyə həkim vəziyyəti izah edib.

O, 78 yaşlı xəstəsinə bir il ərzində qırtlaq, qaraciyər və ağciyər xərçəngi diaqnozu qoyub. Ailədə xəstəlik keçmişi olmayan Bob və Bonni adlı cütlükdə 14 ay ərzində 3 xərçəng xəstəliyi aşkarlanıb. 73 yaşlı Boba 2022-ci ildə xroniki lenfositik leykemiya, bu il isə ağciyər xərçəngi diaqnozu qoyulub. Bonninin qarnında təxminən isə 4 kilo ağırlığında xərçəngli kütlə aşkarlanıb.

“Xroniki lenfositik leykemiya çox nadir xərçəng növü olsa da, xəstələr tanıdıqları bir neçə insanda da bu xəstəliyin olduğunu bildirirlər”, - deyə həkim vurğulayıb.

Doktor bu üç xəstənin qanındakı koronavirus antikorlarının "pik həddə çatdığını" diqqətə çatdırıb. Patel bunun xərçənglə əlaqəsini necə izah edə biləcəyindən əmin deyil. Ancaq onun fikrincə, müxtəlif xərçəng növlərinin bədənin müxtəlif nahiyələrində bu qədər qısa müddətdə görünməsi də qəribədir.

Nyu Yorkdakı “Cold Spring Harbor” Laboratoriyası Xərçəng Mərkəzinin direktoru və Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının keçmiş prezidenti Deyvid Tuveson koronavirusun hüceyrələrin xərçəngə çevrilməsinə səbəb olduğuna dair heç bir dəlil olmadığını bildirir. Digər tərəfdən, 2023-cü ildə nəşr olunan bir araşdırma virusun şişlərin meydana gəlməsinə mane olan və bütün bədəndə iltihaba səbəb olan genləri dəyişdirə biləcəyini göstərib. Bu iltihab müxtəlif orqanlarda xərçəng hüceyrələrinin yaranmasına da kömək edə bilər. Covid-19 səbəbiylə ölən xəstələrdə vaxtından əvvəl qocalmış hüceyrələrin olduğuna diqqət çəkən Tuveson "Covid bədəni məhv edir və bu, xərçəngin yaranmasına səbəb ola bilər", - deyir.

Dr. Patel iddia edir ki, virusa bir dəfədən çox yoluxmaq bütün bədəndə iltihabı gücləndirərək xərçəng hüceyrələrini yenidən aktivləşdirir.

Bəzi ekspertlər isə xərçəng xəstəliyinin artmasına pandemiya dövründə səhiyyə xidmətlərində yaranan fasilələrin səbəb ola biləcəyini deyirlər. 2020-ci ildə dünyada 19,3 milyon yeni xərçəng hadisəsi olduğu təxmin edilsə də, 2022-ci ildə bu rəqəm təxminən 20 milyona çatıb.

Amerika Xərçəng Cəmiyyətinin Sağlamlıq Xidmətləri Tədqiqatlarının Elmi Direktoru Şuesonq Han da hesab edir ki, xəstəliyin artması virusla bağlı qorxu və ya iqtisadi səbəblərə görə müalicənin təxirə salınması ilə bağlı ola bilər.

Bununla belə, Covid-19 virusunun bunda rol oynaya biləcəyini etiraf edən Han əlavə edib:

"Mənim bu fikri dəstəkləyəcək məlumatım yoxdur. Ancaq bu, cavablandırılması vacib olan bir sualdır”.


Aysel