Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) meymunçiçəyinin qeyri-endemik olduğu ölkələrdən bu infeksiyaya 1285 təsdiqlənmiş yoluxma halı barədə məlumat daxil olub. Həmin ölkələrdə həftə ərzində 505 insan meymun çiçəyinə yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə məlumat ÜST-nin Cenevrədə dərc olunan bülletenində yer alıb. İyunun 8-nə olan məlumata görə, ümumilikdə 28 ölkədə meymunçiçəyinə laboratoriyada təsdiqlənmiş 1285 yoluxma halı qeydə alınıb.
İnfeksiyaya ən çox yoluxma halları Böyük Britaniyada (321 nəfər), İspaniyada (259 nəfər), Portuqaliyada (191 nəfər), Almaniyada (113 nəfər) və Kanadada (110 nəfər) aşkarlanıb. Mütəxəssislər xəstəliyin qeyri-endemik olduğu ölkələrdə qəfil peyda olmasını infeksiyanın gizli ötürülməsi ilə izah edirlər.
2022-ci ilin əvvəlindən bəri meymunçiçəyi xəstəliyinin endemik olduğu ölkələrdən ÜST-yə ümumilikdə 1536 analız daxil olub və onlardan yalnız 59-u laboratoriya təsdiqin tapıb. Eyni zamanda, 72 nəfər meymunçiçəyi virusu şübhəsi ilə vəfat edib. İnfeksiyaya yoluxma və ölüm halları ən çox Konqo Demokratik Respublikasında qeydə alınıb. Orada 1356 nəfərin meymunçiçəyinə yoluxduğu və 64 nəfərin öldüyü ehtimal edilir.