Mərkəzi Neftçilər Xəstəxanasının koronaviruslu xəstələrin müalicə aldığı şöbəsində hələ də aylardır virusa qalib gəlmək üçün mücadilə edən xəstələr var. Son günlər isə bəzi insanlar yenə də xəstəliyi ciddiyə almırlar.
“Qafqazinfo”nun məlumatına görə, REAL TV koronavirusa yoluxan xəstələrin müalicə aldığı şöbədə olub, xəstələrlə söhbətləşib. Məlum olub ki, yaşlılar da, cavanlar da həkimlər və xəstəxanın avadanlığı sayəsində özlərini yaxşı hiss edirlər.
“Simptomlar yox idi, bir az narahat olmuşdum. Özüm də dializ xəstəsiyəm. Virusa yoluxduğumu yaxma götürüləndən sonra bildim", - xəstə Abdulqadir Lətifov deyib.
Digər xəstə Yetər Orucova xəstəxanada müalicə aldığını bildirib: ”Bir aydır burada yatıram. İndi bir az yaxşıyam. Sağ olsun həkim, əlləri var olsun”.
Həkimlər isə o qənaətdədirlər ki, ən yaxşı müalicə yoluxmamaqdır. Xəstəxananın İnfeksion xəstəliklər üzrə uzmanı Fərrux Sədirovun sözlərinə görə, indi bizim iki düşmənimiz var. Düşmənlərə qalib gəlmək üçün məsuliyyətimizi daha da artırmalı, öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik:
“Bu müddət ərzində Mərkəzi Neftçilər Xəstəxanasına 1000-dən artıq xəstə qəbul olunub. Bura ən ağır xəstələri qəbul edən mərkəzlərdən biri idi. 850-dən çox xəstə sağalaraq evinə gedib, 100-150-yə yaxın həyatını itirən xəstəmiz olub. Hazırda xəstə sayında nisbi azalma qeyd olunur, amma hər zaman demişik, bu arxayınlığa səbəb olmamalıdır. Özümüzü qorumağı mən Vətənə xidmət kimi dəyərləndirirəm. Yaşlıların hərəkət fəaliyyəti az olduğu üçün, daha çox evdə zaman keçirdikləri üçün onları yoluxduran şəxslər əslində gənclərdir. Ona görə də, gənclər daha diqqətli olmalıdırlar”.
İndi arxa cəbhənin ön cəbhəyə ən böyük yardımlarından biri sağlam olmaq, “COVID-19”a yoluxmamaqdır.