Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindəki "Analitik Ekspertiza Mərkəzi’’ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Medicina.az xəbər verir ki, bu Anlaşma Memorandumunun əsas məqsədi bioloji fəallığa malik qida əlavələrinin insan sağlamlığına potensial təhlükəsinin müəyyənləşdirilməsi, bu sahədə birgə tədbirlərin həyata keçirilməsidir
Bioloji fəallığa malik qida əlavələri ilə bağlı normativ hüquqi aktların, normativ-texniki sənədlərin, norma və qaydaların beynəlxalq standartlara uyğun olaraq hazırlanması, təhlillərin aparılması, mövcud qanunvericliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması sahəsində tərəflərin mütəxəssislərinin iştirakı ilə birgə işçi qruplarının yaradılması istiqamətində tədbirlər görüləcək.
Bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı məqsədi ilə nümunələrin idxalı zamanı icazənin verilməsi, hər partiyanın idxalı zamanı ekspertizanın həyata keçirilməsi və nümunələrin seçilməsi üsullarının və götürülməsi qaydaları müəyyənləşdiriləcək.
Sui-istifadə hallarının qarşısının alınması məqsədilə Bioloji fəallığa malik qida əlavələrinin satışının apteklərlə yanaşı, digər satış məntəqələrində də həyata keçirilməsinə icazə verilməsi, satış zamanı baş vermiş problemlərin aradan qaldırılması və belə problemlərin baş verməsi hallarının qarşısının alınması ilə bağlı müzakirələr aparılacaq.
Tərəflər arasında başqa razılaşma olmadığı təqdirdə, hər bir tərəf öz xərclərini özü maliyyələşdirir.