Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Bilmirəm neynədilər, hansı iynəni vurdular, 10 dəqiqəyə öldürdülər"

  • 2025.02.18 10:50
  • 604 Baxış
"Bilmirəm neynədilər, hansı iynəni vurdular, 10 dəqiqəyə öldürdülər"

Bir neçə gün öncə Şəkidə qadın doğuşdan sonra ölüb.

Medicina.az -ın məlumatına görə, fevralın 14-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən 27 yaşlı qadının bir gün sonra halı pisləşib, boğulmadan şikayət edib.

Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də onun ölüm faktı qeydə alınıb.

Mərhumun həyat yoldaşı Tural Nəsibov bildirir ki, əməliyyatdan çıxandan sonra hər ikisi sağlam olub:

“Həkim məni yanına çağırdı, dedi ki, hər şey əladır. Səhəri gün anam yemək apardı, anamı öpüb-qucaqlayıb yola saldı, dedi yaxşıyam. Anam evə gələn kimi zəng etdilər ki, tez özünü xəstəxanaya çatdır. Anam da mənə zəng vurdu, gedib gördüm ki, ölüb. Yoldaşımı yalandan aparata qoşdular ki, guya ürəyi işləyir, amma qolları qaralmağa başlayırdı. Aparatda gördüm ki, ürəyi döyünmür. Səbəbini soruşanda dedilər, trombdan belə olub. Meyitxanada yardılar, ekspertlər trombdan ölmədiyini söylədilər. Ürəyi də sağlam, başı da sağlam...

3-4 gündür balamın yanına gedirəm, ona yaxınlaşa bilmirəm, yad adamlar kimi kənardan baxıb, çıxıb gəlirəm, qucağıma ala bilmirəm. 3 balamı yetim qoydu. Dəfələrlə dedilər, trombu, qanaxması yoxdur. Qəsdən öldürdülər, bilmirəm neynədilər, hansı iynəni vurdular, 10 dəqiqəyə öldürdülər”.

Səslənən iddialarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bunu hüquq-mühafizə orqanları qiymətləndirə bilər.


Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.