Minillərlə davam edən inkişaf dövründə insan beyni də dəyişən ətraf mühitə öyrəşmişdir. Müasir insanın beyni əsrlər keçdikcə daha çox mənfi, neqativ, təhlükəli vəziyyətlərə köklənməyi və ona diqqət yetirməyə alışıb.
Məsələn, min il əvvəl insanın gündəlik həyatında qəzadan ölüm şansı müharibədə ölmək qədər az idi. Yəni keçmiş insanı hər an gündəlik həyatda təhlükə gözləmirdi. Birinci dünya müharibəsində bu risk 15% -ə qədər artdı.
Amma indi müasir insan az qala gündəlik həyatında hər an təhlükə ilə üz-üzə qala bilər. Bu gün hər an yolda, qəzada yüzlərlə insan ölür, zəhərlənmələr, eləcə də qətllər, travmalar artıb. Buna görə beyin hər an təşviş və panika üçün səbəblər axtarmağa köklənib. O, sahibini qorumaq üçün çalışır. Bəzən isə bu tədirgənlik və təşviş əndazəni keçir. Lazım oldu –olmadı beyin insana təşviş, qorxu siqnalları ötürür.
2001-ci ildə psixoloq Roy Baymeyster təcrübə apararaq, insanların daha çox qorxunc, təhlükəli insan sifətinə diqqət yetirib yadda saxladığını sübut edib nəinki xoş, gülər üz.
Şüuraltı dərhal təhlükə saçan simanı, məqamı yadda saxlayır.
Bu vəziyyət neqativ xəbərlərin daha çox oxunmasında da özünü göstərir. Beyin kriminal xəbərlərə daha tez reaksiya verir, nəinki müsbət, xoş xəbərlər.
Məhz beynimizin bu gizli, sirli gücü həyatımızda çox şeyləri dəyişir, təyin edir.
Medicina.az beyini neqativ fikir və xəbərlərdən yayındırıb, daha çox müsbət, xoş məqamlara kökləməyin yollarını təqdim edir. Beynin həzz, sevinc və razılıq zonasını aktivləşdirmək üçün onu özünüz stimulə edib, gündəlik bəzi vərdişlərlə möhkəmlətmək lazımdır. Beyinin üzərinə çox getmək olmaz, bir iki elementi götürüb azı 3 ay, 6 ay təkrar etməklə ciddi vərdiş almaq mümkündür.
Bunlar hansı metodlardır?
1. Gün ərzində sizə həzz verən, rahatlıq verən, xoş bir anı maksimum uzadın. Məsələn, piyada 20 dəqiqə heç olmadığınız bir yerdə, parkda, bağda gəzişin və ətrafa, günəşin batmasına, dənizə, güllərə, uşaqlara diqqətlə baxın. Və ya xoşladığınız bir yeməyi yeyirsizsə, bu anı uzadın, yeməyin, şirniyyatın dadından həzz alın. Yəni sizə xoş gələn anı maksimum uzadın, tez tələsik yola verməyin.
2. Gündəlik tutun. Burda sizi sevindirəcək, xoşbəxt edəcək şeyləri yazmalısız. Əvvəlcə beyin buna qarşı çıxacaq, yadınıza heç nə düşməyəcək. Deyəcəksiz ki, yox, indi heç nə xoşbəxtlik gətirmir. Amma hər gün bunun üzərinə getsəniz, şüuraltınızdan nəhayət ki, uşaqlıqdan bu yana az da olsa sizi sevindirən variantlar çıxacaq. Onları yazın.
Bunları yazdıqca, gündəlik həyatınızda bu məqamları axtarın. Beyniniz bu axtarışa öyrəşəcək. Axşam isə həmin gün keçirdiyiniz ən yaxşı, ən müsbət kiçik bir məqamı da olsa gündəliyə yazın. Və hər keçən gün bu yazılanları oxuyub, beyini gündəlik həyatda müsbətlərə kökləyəcəksiz.
3. Şükür etmək, minnətdarlıq. Hər axşam yatmazdan əvvəl həmin gün şükür etməli olduğunuz 10 məqamı yazın və onları oxuyub, təkrarlayaraq yuxuya gedin.
4. Keçmişlə bağlı düşünəndə 2-3 neqativ xatirə yada düşən kimi bunun fərqinə varıb, uşaqlığınızdan ən gülməli, şən, xoşbəxt məqamları xatıylayın. Yəni beyinin uzun müddət neqativdə qalmasına yol verməyin.
5. Hər gün bir-iki yeni bir şey görün, öyrənin. Sanki uşaq kimi, bu yeni şeylərə maraqla baxın, heyrətlənin. Şablon yanaşmalardan uzaqlaşın. Yəni əvvəl göstərdiyiniz reaksiyanı dəyişin. Yeniliklərə meyilli olun.
6. Özünüzə və daxilinizə, hisslərinizə diqqət kəsilməyi buraxın. Başqa adamlara, hadisələrə, ətrafa daha çox diqqət kəsilin.
7. Detallara fikir verin, xırdalığa varın. Məsələn, işə gedirsiz, bu gün yolda nələr var idi, həmişə girdiyiniz mağazada təzə nə var, adamlar nə geyinib, günəş necədir, ətrafdakı insanlar nə danışır.
Bu sadalananları hamısını eyni anda etməyin. 2-3-nü seçib 3-6 ay davamlı məşqlərlə beyinizi stresə davamlı, xoş şeylərə daha həssas edə biləcəksiz.
Bir vacib məqam: sosial şəbəkələrdən 1 ay uzaq olun və ancaq xoş xəbərləri oxuyun. Neqativ bir yazı, xəbər varsa, onu açmayın, o neqativin detallarını oxumayın.