"Beyin silkələnməsi (sarsıntısı) travma nəticəsində baş verən yüngül formada beyin funksiyalarının pozulmasına deyilir. Kəllə-beyin travmaları arasında ən çox rast gəlinən travmadır. Əsasən yol-nəqliyyat hadisəsi, məişət, istehsal və idman travmaları nəticəsində beyin silkələnməsi baş verə bilər".
Medicina.az xəbər verir ki, bu haqda məlumatı neyrocərrah Elşən Ağabalayev bildirib. Onun sözlərinə görə, beyin sarsıntısının əsas simptomunun travma anında şüurun getməsidir.
Amma uşaqlar və yaşlılarda fərqli də ola bilər. Mütəxəssis bu tip beyin travmasından dərhal sonra müşahidə olunan əlamətlərdən də bəhs edib:
"- birdəfəlik qusma
- nəfəs almanın sürətlənməsi
- nəbzin sürətlənməsi və ya yavaşlaması
- qismən yaddaş itkisi.
Ancaq bu göstəricilər tezliklə normaya düşür. Bədənin hərarəti normal olur.
Şüurun bərpasından sonra tipik əlamətlər əmələ gəlir: baş ağrısı, başgicəllənməsi, ürək bulanması, qulaqlarda səs, zəyiflik, üz nayihəsinə qan axını, tərləmə, yuxu pozulması".
Beyin silkələnməsi travmasından sonra adətən bir həftə, nadir hallarda iki həftə ərzində xəstənin vəziyyəti yaxşılaşır. Ancaq spesifik simptomlar, baş ağrıları və s. müxtəlif səbəblərdən daha uzun müddət müşahidə olunur.
Bəzi hallar beyin sarsıntısı zamanı ciddi ağırlaşmalar da baş verə bilər, bu səbəbdən həkimə müraciət mütləqdir.