İnsult - beyin qan dövranının kəskin pozulmasına deyilir. Hər il 16-17 mln insan insult keçirir. İnsultla bağlı ölüm halları 30-35%, ümumi ölüm sayının isə 11% təşkil edir.
Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Dilarə Xəlilova insult ilə bağlı ən çox verilən sualları cavablandırıb.
- İnsult nədir?
- İnsult - beyin qan dövranının kəskin pozulmasına deyilir. Hər il 16-17 mln insan insult keçirir. İnsultla bağlı ölüm halları 30-35%, ümumi ölüm sayının isə 11% təşkil edir.
Beyin insultu ömürlük əlilliyə səbəb olacaq xəstəlik kimi dünyada birinci yerdə durur. Belə ki, insult keçirən xəstələrin 31% kənar şəxslərin köməyinə möhtac qalır, 20 %-də hərəki funksiya bərpa olmur, yalnız 8-10% insanlar əvvəlki işinə və həyat tərzinə qayıda bilir.
Bundan başqa, insult cavanlaşan xəstəliklər sırasındadır və insultların 10-15 faizi 18-50 yaş arası baş verir. 2019-cu ildə Azərbaycanda insultdan ölənlərin ümumi sayı 7605 nəfər olub. Onlardan 307 nəfər 50 yaşadək olan xəstələr təşkil edib.
- İnsultun tipləri haqqında məlumat verməyinizi istərdik…
- İnsultun iki tipi fərqləndirilir: işemik (80-85%) və hemorragik (15-20%). İşemik insult zamanı beyin damarlarında trombotik, embolik tutulma yaranır, həmin hövzədə qan təcizatı pozulur və nekroz yaranır. Bu geriyədönməz nevroloji defisitə səbəb olur
Hemorragik insult serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə – intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Bu növ insultun əsas yaranma səbəbi beyin damarlarınin anevrizması, arteriovenoz transformasiyası və ya damar divarının ateroskleroz nəticəsində kövrəkliyi olur. Subaraxnoidal qansızma cavan insanlara xasdır. Qəflətən başlayır, başgicəllənmə, gözdə sayrışma, başda küy, kəskin baş ağrısı, ürəkbulanma, qusma, şüurun pozulması, psixomotor oyanma, meningial sindrom qeyd olunur. Epileptik tutmalar, tənəffüs, ürək-damar pozulmaları baş verə bilər.
- İnsultu yaradan risk faktorları hansılardır?
- Yüksək qan təzyiqi, şəkərli diabet, hiperxolesterinemiya, səyrici aritmiya, qanın reoloji dəyişiklikləri, zərərli vərdişlər (siqaret çəkmə, alkoqol, oturaq həyat tərzi, piylənmə, irsiyyət və s.)
- İnsultun əlamətləri nələrdir?
- İnsultun baş verdiyini nə qədər tez anlayıb, tez bir zamanda xəstəxanaya çatdırmasının xəstə üçün boyük əhəmiyəti vardır. Bu səbəbdən bütün dünyada əhalini maarifləndirmək üçün BE FAST sindromu öyrədilir.
B (balans) – tarazlıq və yerişin pozulması;
E (eye) - görmə pozulması;
F ( face) – üzün və ya ağız bucağının əyilməsi;
A (arm) - xəstənin əlində və ayağıda (yaxud yalnız əldə, yalnız ayaqda) qəflətən yaranan zəiflik və ya hərəkətsizlik;
S (speech) Nitqin aydınlığının pozulması və ya olmaması;
T (time) dərhal, vaxt itirmədən təcili yardıma müraciət etmək;
İşemik insultun klinik təzahürləri müxtəlifdir və hansı arterial hövzədə olmasından bir başa asılıdır.
Ümumi klinik əlamərləri aşağıda göstərilən ola bilər: bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində hərəkətin (plegiya) və- və/ya hissiyyatın pozulması; görmənin zəifləməsi; nitqin aydınlığının pozulması (dizartriya); hərəkətlərin koordinasiyasının pozulması; baş gicəllənməsi; udma aktının pozulması; qıcolma tutmaları; yaddaşın, tanima qabiliyyətinin pozulması; şüurun pozulması.