Kamran Ağayev Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, rezidenturanı Türkiyədə keçərək, orda neyrocərrah olaraq ixtisaslaşmış beyin cərrahıdır.
Hazırda Biruni Universiteti xəstəxanasında əsas neyrocərrah olaraq çalışan həmyerlimizdən beyin və onurğa xəstəlikləri ilə bağlı ən yeni müalicə, diaqnostika metodları və əməliyyatlar barədə maraqlı informasiya əldə etdik.
Bizim xəstəxananın fəaliyyəti heç kimi varlandırmağa xidmət etmir,
heç bir maddi maraq olmur.
-Kamran doktor, Türkiyədə təhsil aldıqdan sonra Bakıya qayıtdınızmı və niyə ölkəmizdə qalıb fəaliyyət göstərmədiniz?
-Mən 2001-ci ildən Türkiyəyə getdim. Hacettepe xəstəxanasında ixtisasımı aldım, 2009-cu ildə məzun oldum. Beyin cərrahı üzrə ixtisaslışdıqdan sonra Azərbaycana qayıdıb, 1 il Mərkəzi Klinikada neyrocərrah kimi çalışdım. Mənim ən böyük arzularımdan biri Amerika səhiyyəsində çalışmaq idi. Ona görə 2010-cu ildə ABŞ-a getdim. Orda 3 il ərzində spinal – onurğa beyin onkologiyası, daha sonra neyroonkoloji ixtisası üzrə ixtisaslaşdım. Amerikada 2014-cü ilin sonuna kimi professor asistenti işlədim. Müxtəlif beyin və onurğa əməliyyatlarında iştirak etdim. Amma ailəmə görə 2015-ci ildən yenidən Türkiyəyə qayıtdım. 2017-ci ildən Biruni Universiteti nəzdindəki xəstəxanada beyin cərrahiyyəsi bölməsinin başkanıyam.
-Amerikada onurğa beyin üzrə, eləcə də onkologiya üzrə ixtisaslaşıbsız. Deməli, həm baş beyində, həm onurğa beyində bütün şişləri əməliyyat edirsiz. Amerikaya getmək hər bir həkimin arzusudur...
-Bəli, tibbin lokomativi Amerikadır. Arzuma çatdım. Hacetttepe Universiteti baş beyin cərrahiyyəsi üzrə çox inkişaf edib.
Amma onurğa sütunu kompleks cərrahiyyəsini orda çox görə bilmədim. Bu mövzuda yertərsizliyim olduğu üçün Amerikada bunu öyrəndim.
Onurğa neyrocərrahiyyənin ən çətin bölməsidir. Belə deyirlər ki, spinal onkologiyanı əməliyyat edən cərrah hər şeyi bacarar. Həqiqətən də elədir.
Amerikada da bunu öyrənib, artıq həm baş beyin, həm spinal cərrahiyyəni tam bilən bir mütəxəssis oldum.
-Azərbaycanda bəs spinal – onurğa beyin cərrahiyyəsində vəziyyət necədir? Türkiyədə, Amerikada edilən çətin əməliyyatlar burda olunurmu?
-Azərbaycanda onurğa üzrə cərrahlar var. Tək-tək də olsa var, müəyyən işlər görürlər. Amma deməzdim ki, hazırda Birunidəki, ya Amerikadakı kimi kompleks onurğa cərrahiyyə üst səviyyədədir. Ona hələ zamanımız var. Təhsilə, təcrübəyə çox ehtiyac var.
-Sizin çalışdığınız Biruni klinikasının Türkiyə klinikaları içərisində nə üstünlüyü, nə kimi özəlliyi var?
-Bizim Biruni klinikası dövlətə bağlı olmayan bir vakif xəstəxanasıdır. Vakifların belə bir xüsusiyyəti var ki, onlar klinikanı qazanc, biznes məqsədilə işlətmir. Qazandığı gəliri universitetin inkişafına qoyur. Burda əsas məqsəd elmin inkişafıdır.
Ona görə bu xəstəxanaların bir sıra üstünlükləri var, məsələn, vergi, rüsum və s. Bizdə qiymətlər də digər iri xəstəxanalara baxdıqda, Acıbadem, Medipol və və başqa klinikalarla müqayisədə ucuzdur.
Bizim xəstəxananın fəaliyyəti heç kimi varlandırmağa xidmət etmir, heç bir maddi maraq olmur.
Azərbaycanda təəssüf ki, diaqnoz ümumiyyətlə qoyulmur.
Bu xəstələr illərlə səhv müalicələr alır.
-Ən çox hansı əməliyyatları icra edirsiz?
-Baş beyində daha çox anevrizmalar- damar qanaması, partlamasına rast gəlinir. Məsələn, Ebru Gündəş kimi beyin qanaması keçirən insanlar. Türkiyə vətəndaşıdırsa, vakif şərtlərinə görə tamamilə pulsuz, ödənişsiz müalicə edirik. Beyin şişləri – istər bəd, istər xoşxassəli, funksional cərrahiyyə - Parkinson, hərəkət pozuntuları xəstəlikləri.
Bu zaman beynin içinə elektrod yerləşdirib, stimulyatorla hərəkət pozuntularını müalicə edirik. Tremoru olan xəstələrə, distoniya xəstələrinə tətbiq olunur.
Həmçinin epilepsiya əməliyyatı, uşaq beyin cərrahiyyəsi, kəllədə əməliyyatlar, endoskopik cərrahiyyə - bir sözlə, neyrocərrahiyyəyə aid nə varsa, sadəsindən tutmuş ən çətininə kimi hamısını edirik.
Spinal cərrahiyyədə isə skolioz, kifoz, müxtəlif travmalar, onurğa şişləri, onkoloji, yırtıqları əməliyyat edirik. Ən çox etdiyimiz əməliyyat təbii ki, fəqərlərarası yırtıqlardır.
- Azərbaycandan elə xəstələr olubmu ki, burda o diaqnoz qoyulmur, yanlış müalicəyə yönləndirilib, amma siz fərqli diaqnoz və müalicə tətbiq etmisiz?
-Bizim ixtisaslaşdığımız bir sahə var. O diaqnoz üzrə yalnız bizim icadımız olan bir texnikanı tətbiq edirik. TOSS sindromu deyilən bir xəstəlikdir, çiyində bir sinir sıxışmasından yaranır. Çiyində ağrılar, keyimə, ağrı qola, ürəyə, qolaltına yayılır. Xəstələr elə bilir ki, ürəyi ağrıyır, infarkt olur.
Azərbaycanda təəssüf ki, diaqnoz ümumiyyətlə qoyulmur. Bu ağrılarla gələn xəstələrə yanlışlıqla ostexondroz, boyun yırtığı, nevralgiya deyirlər. Səbəbsiz ağrı deyirlər. Müalicələr, dərmanlar, fizioterapiya effekt vermir. Xəstələr illərlə həkim gəzir.
TOSS daha çox qadınlarda olur. Səbəbləri bilinmir.
Bəzən xəstələrdə əlavə qabırğalar olur, ana bətnində olanda bu qabırğalar invalyusiya olmalı, sovrulmalıdır. Bəzi insanlarda bu sovrulmur, o qabırğalarla dünyaya gəlirlər. Bu xəstələrdə də tost xəstəliyi çox olur. Çünki artıq qabırğalar siniri sıxır.
Elə də nadir xəstəlik deyil. Ehtimal statistikaya görə, Bakıda 2 milyon əhali varsa, 10.000 tost xəstəsi var. Bu insanlara heç kim doğru diaqnoz qoyulmur və yanlış müalicələr alır.
Xəstəliyin kökündə 8 sinirin sıxışması dayanır.
Bunu da bizim metodla aradan qaldırırıq. 8 sinirin üzərindəki spantları kəsirik, bir də birinci qabırğanı çıxarırıq. Bu belə deyildikdə dəhşətli görünür. 1-ci qabırğa elə də vacib qabırğa deyil. Onu çıxardıqda bu xəstəlik sağalır, xəstə uzun illərlə, bəlkə də ömrü boyu ağrı hiss etmir. Bu əməliyyatı amerikanlar qoltuqaltı və öndən edirlər. Biz isə yeni texnika inkişaf etdirdik, çiynin arxasından keçid edirik. Arxadan keçəndə qabırğanı daha rahat və tamamilə çıxarmaq, həm də bütün pleksusu tamam təmizləmək imkanı olur.
Diaqnozu qoymaq üçün boyun MRT-si çəkilir. Boyunda onurğa yırtığı inkar etməliyik. Çünki yırtıqla oxşar əlamətlərdir. Bir də braxial pleksusa- sıxışan sinirlərə xüsusi MRT edirik. Onu da gərək peşəkar mütəxəssis çəksin. Çünki hər MRT çəkən onu görməz.
-Həkim, o doğrudurmu, Azərbaycanda çox klinikalarda olunan və sizə göstərilən MRT çəkimlərinin əksəriyyəti peşəkar olunmur? MRT bizim yaralı yerimizdir. Hər klinikada var, amma effektivi və dəqiqi azdır.
-Bəli çəkirlər, amma elə bir şey çəkirlər ki, qəhvə falı oxumağa bənzəyir. MRT bir cihazdır, onu gətirib qura bilərsən, amma onu işlədən personal, insanlar bu cihazın hər sirrini bilməlidir. Yəni peşəkar fotoqrafın çəkdiyi foto ilə qeyri-peşəkarın çəkdiyi arasındakı fərq kimidir. Əksər hallarda müraciət edənlərin MRT-nə baxıram, lazım olan dəqiqliyi məqamı görmürəm, yenidən MRT etdirirəm. Bu diaqnoz üçün çox vacibdir.
-Azərbaycanda serebral iflicli uşaqlar çoxdur. Son illər bu xəstələrin də əməliyyatla düzəlməsi barədə söhbətlər gəzir. Cərrahlar, həkimlər gəlir və valideynlər də ümidlə uşaqları əməliyyata aparır. Neyrocərrahiyyə serebral iflicli xəstələrə nə təklif edə bilir?
-Birincisi serebral iflici cərrahiyyə ilə sağaltmaq, çarə etmək şansımız yoxdur. Ailələr çarəsizdir, ümidlə uşaqlarını həkimdən–həkimə gəzdirirlər. Bu ailələrin çarəsizliyindən istifadə edənlər, ümid ticarəti edən, vədlər verən həkimlər, cərrahlar var. Əməliyyat edəcəm, filan şey olacaq, uşaq sağalacaq. Belə bir şey mümkün deyil.
Bilmək lazımdır ki, serebral iflicin səbəbi, problem nədir. Körpə ya bətndə, ya anadan olanda, ya sonra beynin hipoksiyası-yəni oksigensiz qalması səbəbindən beynin müəyyən bölgələrinin zərər görməsidir. Beyin sinirlərinin belə bir xüsusiyyəti var ki, bərpa olunmur. Qaraciyər dəri kimi deyil. Beyində hər neyronun öz vəzifəsi var. Ona görə bu uşaqlarda müxtəlif problemlər – fiziki, zehni geriləmə, əzələspastikaları, qıcolma olur. Gəzə bilmir, danışa bilmir.
Bizim cərrahi yöntəmlə bu xəstələrdə bəzi simptomları düzəltmək və ya yüngülləşdirmək imkanlarımız var. Məsələn, xəstənin sudurğaları var, o qıcolamaları yaradan beyindəki ocağı çıxardıb, müalicə etmək olar.
Xəstədə qollar, ayaqlar, xüsusən aşağı ətraflar güclü yığılır, spastika var, heç bir metod aça bilmir, o spastikanı azaltmaq üçün cərrahi metodumuz var. Əsasən ayaqlarda spastika çox olan xəstəni rezotomiya ilə rahatlaşdırmaq olur. 3-5 yaşından xəstə arabaya yatağa məhkum olur, spastika imkan vermir ki, ayaqlarını hərəkət etdirsin, bu əməliyyat ona yardım edir ki, əməliyyatdan sonra qalxsın, həta gəzməsinə də imkan var.
Amma bu o demək deyil ki, əməliyyatla serebral iflicdən sağalır, yox. Bu əməliyyatları icra etmək üçün adətən gəzmək yaşına gəlməsini gözləyirik. 3 yaşına qədər gözləmək lazımdır. Spatikası varsa, əməliyyata göstərişdir. Hər serebral uşağı da əməliyyata almaq olmaz. Spastikanın fizioterapiya ilə kökünü həll etmək mümkün deyil.
Burda 2 metod var: ya botoksdur, ya da baklofen dediyimiz bir dərman var. Baklofen pompasi dediyimiz bir cihazı xəstələrə taxırıq. İncə kateterlə onurğa beynin içinə inyeksiya edirik, pompani qarına bağlayırıq. Hər 2-3 aydan bir o cihaza dərman doldurulur, kateterlə onurğa beyninə gedir. Bildiyim qədəri ilə bu metod Bakıda olunmur.
Bakıda 2 milyon əhali varsa, deməli, hər il 100-120 insanda anevrizma partlayır.
-Anevrizma beyin qanamaları geniş yayılıb. Əvvəlcədən bilmək olarmı, o damar partlayacaq ya yox?
-Anevrizma elə bir təhlükəli bombadır ki, 99% hallarda heç bir simptom vermir. Hətta baş ağrısı belə olmur. Ta ki bir gün partlayıb qanayana kimi. Arteriya şişib bir baloncuğa dönür, bir gün damarın içində təzyiq çox artır, yırtılır və qanama yaranır. Anevrizma baş verərsə, nə qədər bacarırıqsa, qısa müddətdə o damar qapadılmalıdır. Xəstələrimiz olub ki, müayinə zamanı anevrizma görmüşük, xəstə yaxınları ilə hələ əməliyyat barədə danışanda xəstə qanaxma keçirib. Ya klinikadan çıxıb ki, evə gedim düşünüm 1-2 günə gələcəm, evə çatanda qanaxma keçirib.
Partlamamış anevrizmalarda bir az gözləmək üçün zamanımız var. Partlayıbsa, 48 saat içində əməliyyat olmasında fayda var. Bizim Biruni klinikasında anevrizma qanaması ilə gələn xəstəni xəstəxanaya daxil olduqdan 2 saat ərzində əməliyyata alırıq.
İldə 100.000 insandan 5-6 xəstə anevrizma keçirir. Bakıda 2 milyon əhali varsa, deməli, hər il 100-120 insanda anevrizma partlayır.
Partlamamış anevrizmanı öncədən bilmək mümkün deyil. Əməliyyat üçün bəzi şərtlər var.
Məsələn, əgər xəstənin 40 yaşı varsa, o əməliyyata alınır. Çünki bu insanın irəlidəömrünün uzun olmasını bilirik. Anevrizma bu illərdə istənilən vaxt qanaya bilər. 75 yaşlı xəstədə isə etmirik, gözləyirik. İndiyə kimi qanamayıb, bəlkə də heç qanamaz. Beyin cərrahiyyəsində çıxar-zərəri düşünürük.
Anevrizmalar təsadüfən taplılır. Baş ağrısı ilə gedir, miqreni var, MRT olunur, orda anevrizma görülür.
Anevrizmanı dəqiq angioqrafiya göstərir. Anevrizma üçün skrininq testimiz yoxdur. Öncədən profilaktik məqsədlə test edə bilmirik.
Bütün cəmiyyəti tarama testlərindən keçirib, anevrizmalı xəstələri ayırıb, müşahidə etmək hələ ki, mümkün deyil.
-Onkoloji xəstələrdə bir çox orqanların şişi onurğaya, beyinə metastaz verir. Bu da sizin sahədir. Bu hallarda nə edirsiz. Çünki çox həkimlər deyir ki, artıq beyinə yayılıbsa, əməliyyat olmaz, gecdir, xəstənin sonudur.
-Onurğa beyni metastaza ən çox uğrayan orqanlardan biridir. Çünki bədənin çox hissəsindən keçir. İstər ağciyər, süd vəzi, mədədə şiş varsa, onurğaya keçir. Adətən beyinə metastaz gorüldüyündə hamı əlini üzür. Onurğada metastaz varsa, radikal bir cərrahi əməliyyatla o şişi götürüb, xəstənin ömrünü uzatmaq olar. Təkli metastaz varsa, o hallarda radikal cərrahiyə edirik. Xüsusən yalnız onurğada tək metastaz varsa, xilas şansı da çoxdur. Metastaz tutmuş sümüyü blok şəklində, tamam çıxarırıq ki, şiş yayılmasın. Ondan sonra xəstənin hətta xərçəngə qalib gəlmək şansı var.
Əgər çoxlu metastaz varsa, digər orqanlara yayılıbsa, onurğa sümüklərini şiş yeyib sındırıbsa, onları bərpa edirik,stabil vəziyyətə gətiririk. Onurğa beyində sıxışma var, xəstəni parez edib, sıxışmadan azad edirik. Biz son ana kimi çalışırıq. Xəstədən əlini üzmək olmaz. Əməliyyat etməliyik, çünki elə xəstələr olur ki, bundan sonra uzun müddət yaşayır, olunmazsa tez müddətdə vəfat edəcəkdilər. Beyinə metastaz hələ heç nəyin sonu deyil.
Biz ağciyər xərçənglərində də pankos şişlərini əməliyyat edirik. Pankos dediyimiz bir onkoloji xəstəlikdir.Ağciyərdə şiş inkişaf etdikdə xəstə çox illər xəbərsiz olur, çünki heç bir əlamət olmur. Xəstəlik çox yayılanda, ağciyərin təpəsində apeksdə xərçəng inkişaf edəndə ağciyərin üstündən keçən sinirlərə və onurğaya simptomatika verir. Xəstənin qolu ağrıyır, çiyni sancır, keyiyir. Xəstə düşünür ki, yəqin sinir ağrısıdır. Əgər rentgen edilsə dərhal xərçəng olması görünür.
Bu xəstələrda radikal əməliyyat olunur: beyin cərrahı ilə torakal cərrah birlikdə şişi tamam çıxarır. Onurğaya və sinirlərə yapışan şişi biz çıxarırıq. Bu əməliyyatdan sonra xəstənin sağalma şansı var. Bu mənim çox sevdiyim əməliyyat növlərindən biridir. Ağır, çətin, uzun sürən əməliyyatdır.
- Kamran bəy, siz Bakıdan xəstələri necə harda qəbul edə bilərsiz?
- Mən Türkiyədə çalışıram. Bizim Biruni klinikası FAMAX Medical şirkəti ilə müqaviləli şəkildə çalışır. Burdan ciddi neyrocərrahiyyəlik problemi olan xəstələr gəlir, ofisdə müayinə sənədlərini təqdim edir, şirkət bizimlə əlaqə saxlayır, biz sənədlərə baxırıq, sonraxəstəni dəvət edirik.
Və yaxud pasiyentlər burda yazılır, Bakıya 2-3 aydan bir gəlirəm. Bu müddətdə müəyyən qədər pasiyentlər yığılır, onları Bakıda müayinə edirik. Bəzən olur ki, ağır xəstələr olduqda, Bakıda da əməliyyat edirik.
FAMAX Medikal group
050 444 30 20
012 493 22 02