Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Beşinci xəstəlik” pik həddə çatdı! - 4 yolla yoluxur

  • 2024.05.16 22:36
  • 1264 Baxış
“Beşinci xəstəlik” pik həddə çatdı! -  4 yolla yoluxur
Uşaqlarda tez-tez rast gəlinən və “beşinci xəstəlik” kimi tanınan Parvovirus B19 son zamanlarda böyüklərə də təsir etməyə başlayıb.

Şiddətli oynaq ağrısı və şişkinliklə irəliləyən bu vəziyyət müxtəlif xəstəliklərlə qarışdırıla bilər.

Medicina.az xəbər verir ki, Prof. Dr. Aynur Eren Topkaya xəstəliyin simptomlarından danışıb.

“Parvovirus B19 uşaqlarda tez-tez yanaq səpgiləri ilə özünü göstərən beşinci xəstəliyin səbəbidir. Ancaq böyüklərdə də müşahidə edilə bilər. Bununla belə, yoluxmuş şəxsin yaşından və ümumi sağlamlığından asılı olaraq müxtəlif simptomlara səbəb olur”, - deyə professor bildirib.

Parvovirus B19-la bağlı kiçik epidemiyaların təxminən hər 3-4 ildən bir baş verdiyini xatırladan həkim bunların daha çox qışın sonu, yaz və yayın əvvəllərində vüsət aldığını deyib.

Onun sözlərinə görə, bu virusa yoluxan yetkinlərdə güclü oynaq ağrıları baş verir. O, xüsusilə son günlərdə güclü oynaq ağrılarından şikayət edən yetkinlərin sayında artım olduğuna diqqət çəkib:

“Hər 10 adamdan 2-də xəstəlik asemptomatikdir. Qızdırma, baş ağrısı, öskürək, boğaz ağrısı, səpgilər və oynaq ağrıları ümumi simptomlardır. Bundan əlavə, xəstəlik uşaqlarda və böyüklərdə fərqli şikayətlərlə irəliləyir. Parvovirus B19 infeksiyası üzdə qırmızı səpgilərə səbəb olur, bunu “şillə vurulmuş yanağ”a bənzətmək olar. Qızdırma və baş ağrısı kimi simptomlardan bir neçə gün sonra dəridə qızartılar görünür”.

Həkim qeyd edib ki, üzdəki səpgilərdən sonra sinə, kürək, omba və ya qol və ayaqlarda da səpgilər görünə bilər:

“Qaşınma da müşahidə edilə bilər. Xüsusən də ayaq altlarında qaşınmaya tez-tez rast gəlinir. Adətən 7-10 gün ərzində yox olur, lakin bir neçə həftə ərzində təkrarlana bilər.

Bir çox oynaqlarda ağrı və şişkinlik yarana bilər və bu şikayətlərə uşaqlara nisbətən böyüklərdə, xüsusən də qadınlarda daha çox rast gəlinir. Bəzi insanlar yalnız oynaq ağrıları hiss edirlər. Adətən əllərdə, ayaqlarda və ya dizlərdə hiss edilən oynaq ağrısı 1-3 həftə davam edir. Ancaq xəstənin vəziyyətindən asılı olaraq bu şikayətlərin aylarla və ya daha uzun sürdüyü də müşahidə olunur”.

Professorun sözlərinə görə, immuniteti zəif olanlar bu xəstəlikdən daha çox təsirlənir:

“Parvovirus B19 xroniki xəstəliyi olmayan uşaqlarda və yetkinlərdə yüngül şəkildə keçsə də, bəzi insanlarda sinir, oynaq və ya qan sistemini təsir edən ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Hamilə qadınlar risk altında olanlar arasındadır. Bununla belə, immun sistemi zəifləmiş, hüceyrə xəstəliyi və talassemiya kimi qan xəstəlikləri, leykemiya və ya digər xərçəng xəstələri, orqan transplantasiyası əməliyyatı keçirmiş insanlar və HİV infeksiyası olanlar da risk altındadırlar. İnfeksiya anemiya və ya zəifləmiş immunitet sistemi olanlarda qan sayının kəskin azalmasına səbəb ola bilər”.

Həkim sonda qeyd edib ki, xəstəlik 4 yolla ötürülə bilər:

“Parvovirus B19 tüpürcək, tənəffüs damcıları, qan ilə insandan insana keçir. Hamiləlik zamanı anadan körpəyə keçə bilir. Virusa yoluxmuş və immun sistemi zəifləmiş insanlar daha uzun müddət yoluxucu ola bilərlər. Virus infeksiyanın başlanğıcında, adətən yalnız qızdırma və ya soyuqdəymə əlamətləri olduqda yoluxucu olur. Dəridə və oynaqlarda simptomlar göründükdən sonra yoluxuculuq azalır. Buna görə də səpgilər görünəndə adətən işə və ya məktəbə qayıtmaq təhlükəsizdir”.


Aysel