Gəncə Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən "Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Birləşmiş Uşaq Xəstəxanasının Cərrahiyə şöbəsində uşaq cərrahı vəzifəsində çalışmış Şöhrət Əhmədov və həmin xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri (həkim-ümumi cərrah) olmuş Ədalət Süleymanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Medicina" Pravda.az-a istinadla xəbər verir ki, qərara əsasən, Ədalət Süleymanovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə və Şöhrət Əhmədovun Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib. Bərdə Rayon Məhkəməsinin 4 aprel 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən, Ədalət Süleymanova aid hissədə dəyişdirilmədən saxlanılıb.
İttihama görə, hadisə 2020-ci ilin avqustunda baş verib. 2015-ci il təvəllüdlü Gülüm Abidova yaşadığı həyətdə nərdivanın aşması nəticəsində yıxılıb. Sonra valideynləri onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Orada uşağa həkim baxıb, sistemlər köçürülüb. Valideynlərin dediklərinə görə, həkim onlara uşağın vəziyyətinin qorxulu olmadığını, qısa müddətdə yaxşılaşacağını bildirib. Sonra Gülümün vəziyyəti pisləşdiyi üçün onu təcili yardım maşını ilə Bakıya gətiriblər. Saat 20 radələrində xəstəxanaya çatdırılan Gülüm bir neçə saat sonra orada vəfat edib. Hadisədən sonra Şöhrət Əhmədov və Ədalət Süleymanov saxlanılıblar və barələrində Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bərdə Rayon Məhkəməsinin hökmü ilə Şöhrət Əhmədov 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib, Ədalət Süleymanova isə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti qismən təmin edilib, Bərdə Rayon Məhkəməsinin çıxardığı Ədalət Süleymanova aid hissə ləğv olunub. Belə ki, o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin hökmü Ədalət Süleymanova aid hissədə ləğv olunub və cinayət işinin apellyasiya instansiyası məhkəməsində həmin hissədə yenidən baxılması təyin edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdı.
Medicina.az