Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir.
Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislər bir neçə qaydaya əməl edərək yayda arzuladığınız bədənə qovuşa biləcəyinizi deyirlər.
Medicina.az qısa müddətdə arıqladan və ən əsası beli incəldən sağlamlıq qaydalarını təqdim edir:
1. Pəhriz zamanı yediyiniz qidaları doğru seçin!
İncə bir belə sahib olmaq həm də arıqlamağı tələb edir, buna sadəcə idmanla nail olmaq mümkün deyil. Nəticə əldə etmək üçün sağlam bir pəhrizə əməl etmək və kalori qəbulunu azaltmaq lazımdır. Bu intizam və qətiyyət tələb edir. Kalori qəbulunuzu məhdudlaşdırmaqla yanaşı, belinizi incəltmək üçün şüurlu seçimlər etməlisiniz.
Məsələn, elmi araşdırma bütöv taxıl məhsullarını istehlak edən insanların (beş porsiya meyvə və tərəvəz, üç porsiya az yağlı süd məhsulları və iki porsiya yağsız ət, balıq və ya quş əti ilə yanaşı) qarın piylərindən daha tez xilas olduğunu üzə çıxarıb. Eyni pəhrizə əməl edib normal çörək yeyənlər isə qarın piylərindən asanlıqla xilas ola bilməyiblər.
Meyvələrdə şəkər var, ona görə də gündəlik tövsiyə olunan miqdardan çox meyvə istehlak etmək də bu mövzuda irəliləyiş əldə etməyinizə mane olacaq.
Bir sözlə, pəhrizdə sizi tox tutacaq, vitamin və mineralla təmin edəcək, ancaq kalorisi az olan qidalara üstünlük verməlisiniz. Qatıq, ayran, tərəvəzlər, sobada bişirilmiş ət növləri buna misal ola bilər.
2. İşlənmiş qidaları tamamilə həyatınızdan çıxarın!
Porsiyonların miqdarına diqqət yetirsəniz və müntəzəm olaraq məşq etsəniz belə, işlənmiş qidaları istehlak etməyə davam etdiyiniz müddətcə arıqlamağınız ciddi şəkildə əngəllənə bilər. Bunun səbəbi, işlənmiş qidaların çox vaxt kilo itkisini məhdudlaşdıran, zərərli toksinlər yaradan yüksək miqdarda şəkər və nişasta ehtiva etməsidir.
Pendir, çörək və qatıq kimi üzərində "yağsız" olduğu yazılan məhsullar alarkən çox diqqətli olun. Bu məhsullarda yağ az olsa da, onlar çox vaxt əlavə şəkər və lazımsız karbohidratlarla doludur. Onların qida dəyəri azdır və ya heç yoxdur.
Aldığınızı məhsulların dietik olması o qədər də böyük əhəmiyyət kəsb etmir. Əsas məsələ məhsulların etiket məlumatlarını oxuyub doğru seçimlər etməkdir.
Duz bədəndə su tutduğu və şişkinliyə səbəb olduğu üçün hazır yeməklər və dondurulmuş qidalar kimi yüksək miqdarda duz ehtiva edən işlənmiş qidalardan da çəkinməlisiniz.
Qablaşdırılmış və dondurulmuş qidalar yerinə mümkün olduqca təzə qidaları seçin.
3. Pəhrizinizə daha çox lif əlavə edin!
Liflə zəngin qidalar bir çox səbəbə görə sağlam pəhrizin vacib hissəsidir. Hər şeydən əvvəl, liflə zəngin qidalar bağırsaq hərəkətlərini normallaşdıraraq şişkinliyi minimuma endirməyə kömək edir. İkincisi, lifli qidalar sizi daha uzun müddət tox saxlayır və daha çox çeynəmə tələb etdiyi üçün həddindən artıq yeməyin qarşısını alır.
Bu qidalar digərlərinə nisbətən daha az kaloriyə malikdir. Pəhrizinizə lifli qidalar əlavə etməyə çalışaraq həm həll olunan, həm də həll olunmayan liflərdən faydalana bilərsiniz.
Həll olunan liflərə misal olaraq yulaf və arpa, noxud və lobya, alma, yerkökü və sitrus meyvələrini göstərmək olar. Həll olunmayan liflərə isə tərkibində buğda kəpəyi və tam buğda unu ola məhsullar, çərəzlər, lobya və yaşıl tərəvəzlər misal göstərilə bilər.
Aysel