“Tərbiyəçinin körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərməsi əlbəttə ki, çox üzücü bir hadisədir. Əfsuslar olsun ki, bu narahatedici hal artıq normaya çevrilir. Belə kobud rəftar və ya davranış uşaqda ağır travma yarada bilər. Bir çox hallarda isə həm travmalar həyatı boyu həmin uşaqda qalır və daha pis nəticəyə gətirib çıxarır”.
Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynova deyib.
Millət vəkili bildirib ki, hazırda uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələri, körpələr evi Təhsil Nazirliyinin tərkibinə verilib:
“Çox yaxşı olardı ki, həmin müəssisələrə işə qəbul olunan müəllimlərin, təkcə pedaqoji bilikləri deyil, həm də uşaqla ünsiyyət, davranış bilik və bacarıqları da qiymətləndirilsin.
Eyni zamanda, vaxtaşırı fəaliyyət göstərən tərbiyəçilər, müəllimlər tibbi-psixoloji müayinələri də keçirilməlidir. Bu imkan verəcək ki, uşaqlarla ünsiyyətdə problemi olan, davranışlarında kobudluq edən müəllim və tərbiyəçilər müəyyən edilsin”.