"Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağırdır. Huşu aydındır".
"BakuPost"un məlumatına görə, bunu əməkdar artistin müalicə edildiyi Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib. Onun sözlərinə görə, xəstə bir həftədir spontan tənəffüsdədir.
Həkim bildirib ki, aktyor fəaldır, ayağa qalxır, telefondan istifadə edir, palata və reanimasiyanın dəhlizdə gəzir. "Bununla belə bir qədər narahat edən amil dünən axşamdan bədən hərarətinin yüksəlməsidir. Bunu nəzərə alaraq aparılan müalicəyə müəyyən əlavələr edilib".
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. Iyulun 2-də ECMO-dan ayrılıb.