"Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Səhhəti stabildir".
"BakuPost"un məlumatına görə. bunu əməkdar artistin müalicə edildiyi Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib.
Onun sözlərinə görə, xəstə bir neçə gündür spontan tənəffüsdədir.
"Bu gündən başlayaraq süni nəfəs aparatının müvəqqəti qapadılması, yəni tənəffüsün fizioloji yolla burundan və ağızdan alınması yoxlanılacaq. Bir neçə dəfə yoxlamalar aparıldıqdan sonra aparatın çıxardılması da mümkün olacaq. Müşahidə edilən miopotiya əlamətləri də xeyli geriləyib. Onlara qarşı müvafiq müalicə aparılır".
B.Musayev bildirib ki, xəstə aktivdir, oturur, ayağa qalxır. Hətta bu gün səhər hətta ailə üzvləri ilə telefonla da danışıb.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. Iyulun 2-də ECMO-dan ayrılıb.