Yayın gəlişi ilə qışda alınan çəki bir çox insanın kabusuna çevrilir. Ancaq məşhur dietoloq Qabriela Pikok artıq çəkidən cəmi bir həftə ərzində xilas olmağın mümkünlüyündən bəhs edib.
Şahzadə Beatris və Şahzadə Harri ilə işləyən məşhur dietoloq deyir ki, cəmi bir həftə ərzində yaya uyğun bədənə sahib olmaq real və ya sağlam görünməyə bilər, lakin hər kəsin qısa müddət ərzində özünü daha inamlı və enerjili hiss etməsi üçün edə biləcəyi sadə həyat tərzi dəyişiklikləri var.
İlk məsləhət düzgün maye qəbulu ilə bağlıdır. Dietoloqun fikrincə, bitki çayları maddələr mübadiləsini gücləndirir, buna görə də səhərlər günə bitki çayı içərək başlamaq lazımdır. Bundan əlavə, limon və xiyarla qarışdırılan su şişkinliyi azaldır. Bu, qarnı düzləşdirmək üçün faydalı ola bilər.
Mütəxəssisin ikinci tövsiyəsi natriumdan çəkinməkdir. Çünki natrium bədəndə həddindən artıq su tutulmasına və bədənin daha şiş görünməsinə səbəb olur. Qabriela deyir ki, duz əvəzinə yeməkləri otlar və ədviyyatlarla dadlandırmaq natriumu azaltmağın asan bir yoludur.
Üçüncü addım olaraq dietoloq zülal qəbulunu artırmağı tövsiyə edir. O, bunun əzələ kütləsini qoruduğunu söyləyir. Ət, qatıq, bərk qaynadılmış yumurta və humus məsləhət görülür.
“Dilimlənmiş tərəvəzləri sobada bişirərək sağlam çipslər hazırlamaq, onları humusla yemək olar. Yenə evdə yulaf, çərəzlər və biraz balla sağlam taxıl barları hazırlamaq olar. Bunlar hazır, işlənmiş qidaları asanlıqla əvəz edə bilən ləzzətli alternativlərdir”, - dietoloq qeyd edir.
Dördüncü tövsiyə kinoa, şirin kartof və qəhvəyi düyü kimi bir sıra mürəkkəb karbohidratları pəhrizə daxil etməkdir:
“Bu növ karbohidratlar bədəninizə yanacaq verir və sizi daha uzun müddət tox hiss etdirir. Buna görə də tez-tez qəlyanaltıya ehtiyac duymayacaq və daha az kalori qəbul etmiş olacaqsınız”.
Dietoloqun beşinci məsləhəti lif istehlakı ilə bağlıdır: “Meyvə və tərəvəz kimi lifli qidalar həzmə kömək edir və şişkinliyi aradan qaldırır”.
Altıncı addım düzgün qəlyanaltı seçimidir. “Əlinizin altında sağlam qəlyanaltı alternativləri olsun. Çərəzlər, toxumlar, meyvələr, qatıq və s. Ancaq bunların hamısını birdən yemək olmaz. Aclığınızı azaldacaq qədər yeməlisiniz. Qəlyanaltıda iki qidanı birləşdirmək daha gec acmağınıza səbəb olacaq. Məsələn, qatığı meyvələrlə qarışdırıb yemək olar. Çərəzləri də meyvə dilimləri ilə birgə istehlak etmək daha doğru seçimdir”.
Yeddinci qayda porsiya nəzarətidir. Süfrədən tam doymadan qalxmaq lazımdır.
Nəhayət, sonuncu qayda keyfiyyətli yuxudur. Dietoloq ən az 8 saatlıq yuxunun istədiyiniz görünüşə qovuşmağın açarı olduğunu söyləyir. Gecə 9 saat yatmağı məsləhət görən mütəxəssis, yuxusuzluğun hormon səviyyələrini pozduğunu və qeyri-sağlam qidalara həvəsi artırdığını vurğulayır.
Aysel