Nəinki Azərbaycanda, hətta bütün dünyada "həftəsonu effekti” adlanan problem çoxsaylı xəstələrin vaxtında normal tibbi yardım almamasına, hətta çox xəstələrin ölümünə səbəb olur.
Nədir bu problem? Bazar və bayram günləri qəfildən vəziyyəti pisləşən xəstə xəstəxanaya çatdırılmasına baxmayaraq, ən yaxşı həkimlərdən yardım ala bilmir. Çünki həmin həkimlər bazar günü işləmir və xəstə növbədə qalan həkimdən asılı olur. Məlumdur ki, adlı-sanlı seçilən həkim və cərrahlar bazar növbəsində olmur.
Medicina.az xəbər verir ki, İngiltərə Tibb məktəbinin əməkdaşları bu problem ətrafında geniş araşdırmalarını yekunlaşdırıb.
Onlar dünyanın 11 ölkəsindən 640 milyon hospitalizasiya hadisəsini araşdırıb.
Məlum olub ki, şənbə-bazar və bayram günləri xəstəxanaya çatdırılan xəstələr arasında həftənin digər günləri daxil olan xəstələrə nisbədən ölüm faizi 20% çoxdur.
Ən pis vəziyyət çanaq oynağının dəyişilməsi ilə bağlı əməliyyat üçün müraciət edənlərdə qeydə alınıb.
Bazar günləri icra olunan bu əməliyyatlarda ölüm faizi 70% olub.
Eləcə də təcili təxirəsalınmaz müdaxilə və əməliyyat tələb edən, hamiləlik ağırlaşmaları və ağır doğumlarda da ölüm riski bazar günləri 12% olub.
Amma alimlər bu vəziyyəti tibbi müəssisələrin işinin keyfiyyətsiz olmasına yozmur. Onlar hesab edir ki, şənbə-bazar günlərinə daha ağır xəstələr düşür və çoxları vaxtında özünü həkimə çatdırmayaraq, vəziyyəti o qədər ağırlaşır ki, bazar günü olmasına baxmayaraq təcili xəstəxanaya qaldırılır.
Bu xəstələrin çoxu dərhal reanimasiyaya yerləşdirilir, bir çoxu isə reanimasion tədbirlərə müsbət reaksiya vermir.