Koronavirusa yoluxmaların sayında son günlərdə müşahidə edilən artım həm qış mövsümündən yaz mövsümünə keçidlə bağlı bədənimizdə olan dəyişikliklə əlaqəlidir, həm də havaların bir az soyuq keçməsi ilə həm COVID-19, həm də digər qripal xəstəliklərin artma reallığı ilə üz-üzəyik.
Medicina.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
R.Mahmudov bildirib ki, bu gün digər narahatverici məqamlardan biri Novruz bayramı günlərində milli dəyərlərimizdən qaynaqlanaraq insanlar arasında təmasların daha da artmasının qripal xəstəliklərin yayılması üçün daha bir zəmin yaratmasıdır:
“Ölkədə epidemioloji vəziyyətin yenidən istəmədiyimiz səviyyəyə gəlməməsi üçün hər bir vətəndaşın mövcud epidemioloji qayda-qanunlara daha ciddi şəkildə riayət etməsi vacibdir. Bu həm də yaxın günlərdə, yəni təqribən 10-15 gün ərzində, bayram öncəsi Operativ Qərargahın daha sərt tədbirlər görməsini əngəlləyən amillərdən biri olacaq.
Heç bir dövlət sərt qapanmanın tərəfdarı deyil. Amma insan həyatı üçün təhlükə yaradan və ölkədə səhiyyə sisteminə zərər verə biləcək vəziyyətlərlə üz-üzə qaldığımız zaman əlbəttə ki, məcburiyyət qarşısında bütün dünyada olduğu kimi ölkəmizdə də belə qərarların verilməsi bəzən qaçılmaz olur”.