Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı artıq 1500 nəfərə yaxınlaşır. Həmçinin, ölənlərin sayı da artmaqdadır. Bəs bayramdan sonra karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
Medicina.az xəbər verir ki, tibbi ekspert, professor Adil Qeybulla sonxeber.az-a açıqlamasında hazırda dünyada epidemioloji vəziyyətin pisləşdiyini deyib. Onun sözlərinə görə, xəstəliyin çox sürətli yayılma dinamikası var:
"Bu, Britaniya ştammı və daha çox yoluxucu mutasionlarla bağlıdır. Azərbaycanda da yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur. Xəstəxanalardakı xəstələrin vəziyyəti ağırdır. Bütün bunlar narahatlığa səbəb olur. Ölüm sayı artıq 20-yə yaxınlaşır. Uşaqlarda da kliniki əlamətlər müşahidə olunmaqdadır. Böyüklərdə xəstəlik kifayət qədər ağır keçir. Yüngül keçirənlər də ağırlaşmaya meyillidir. İnsanlarımızdan əsas tələb odur ki, karantin qaydalarına əməl etsinlər. Yəqin ki, yoluxma sayı artmaqda davam edərsə, yenidən müəyyən sərtləşmələrə gedilə bilər. Bayramdan sonra bəzi sərtləşmələrə hazır olmalıyıq. Epidemioloji vəziyyətin pisləşməsi və gərginləşməsi karantin rejiminin sərtləşməsinə səbəb ola bilər".