Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları

  • 2025.01.02 17:14
  • 660 Baxış
Bayram süfrəsinin  ən tez xarab olan və zəhərləyən qidaları
"Bayram süfrəsi üçün yemək, salat və şirniyyatı lazım olan miqdarda hazırlamaq tövsiyə edilir. Belə ki, bayram vaxtı istehlak edilməyən yeməklər bəzən israf olunmaması üçün sonrakı günlərə saxlanılır".

Medicina.az xəbər verir ki, bu Qida Təhlükəsizliyi Agentliyi yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, dəfələrlə qızdırılıb bayat şəkildə istehlak olunan yeməklərin isə orqanizmə bir sıra mənfi təsirləri ola bilər. Ona görə də bayram üçün hazırlanan qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır.

"Mütəxəssislər bildirirlər ki, yumurta, balıq, ət, göbələk kimi məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq açıq şəraitdə qalmamalı, daha sonra soyuducuda saxlanılmalıdır. İsti yeməklər soyuducuya yerləşdirilməmişdən əvvəl otaq temperaturuna qədər soyudulmalıdır. Bəzi qidaların isidilərək yenidən istehlakı ümumiyyətlə tövsiyə edilmir. Belə ki, toyuq əti ya təzə bişmiş, ya da soyuq halda istehlak olunmalıdır. Kartof, çuğundur, ispanaq kimi tərəvəzlər, ən əsas da göbələklər bişirildikdən sonra yenidən qızdırıldıqda qida dəyərini itirdiyi üçün bu məhsulların təzə-təzə bişirilib istehlak edilməsi daha məqsədəuyğundur.

Yeri gəlmişkən, yeməklərin xarab olub-olmadığını dad və ya qoxu vasitəsilə müəyyən etmək hər zaman mümkün olmur. Qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar var ki, onlar qidanın qoxusunu və dadını korlamadan belə çoxala bilir, hətta bəziləri toksin ifraz edir. Belə bakteriyalar dəniz məhsulları, süd və süd məhsulları, tortlar və digər kremli şirniyyatlarda daha tez çoxala bildiyi üçün ən çox qida zəhərlənmələri də məhz bu qidalar düzgün saxlanılmadıqda və təkrar isidilərək istehlak edildikdə baş verir.

Bayat yeməklər kimi, bayat çayın da orqanizmə ziyanı var. Çünki dəmlənmiş köhnə çay bütün faydalı xüsusiyyətlərini itirməklə yanaşı, insan orqanizminə mənfi təsir göstərə bilir.

Qeyd edək ki, sadalanan mənfi halların baş verməməsi üçün yeməkləri qədərində hazırlamaqla yanaşı, bişirilmə tarixi bilinməyən yeməklər də istehlak edilməməlidir", - deyə məlumatda bildirilib.