Yeni ilə sayılı günlər qalır. Bayram münasibətilə hər bir evdə ləziz təamlarla bəzədilmiş süfrələr açılır, çeşid-çeşid yeməklər, şirniyyatlar hazırlanır. İnsanlar bayram tətili günlərində bir-birlərinə qonaq gedir, bayramlaşırlar. Təbii ki, qonaq getdikləri evlərdə də cürbəcür fərqli yeməklərə qonaq olurlar. Belə olan halda insanlar qidaları qarışdırır, həddən artıq yeyir, ev şəraitində olduqları üçün hərəkətsiz olurlar. Nəticədə isə sağlam, həmçinin də bir sıra sağlamlıq problemləri olan şəxslərin səhhətində problemlər yarana bilər.
Bəs bayramı sağlam və yaxşı-əhval ruhiyyədə keçirmək üçün nələrə diqqət yetirilməlidir? Bayram süfrəsi hazırlanarkən hansı salatlar, yeməklər, içkilər və şirniyyatlara üstünlük verilməlidir ki, daha sağlam qidalanaq?
Bayramdan sonra təzyiq, mədə-bağırsaq, allergiya, zəhərlənmə kimi problemlərlə üzləşməmək üçün nələrə diqqət edilməlidir?
Medicina.az bayramı rahat və yüksək əhval-ruhiyyədə keçirmək üçün diyetoloq Şəfa Yadigarovaya bir sıra suallar ünvanlayıb:
- Şəfa xanım, Azərbaycanda demək olar ki, bütün bayram süfrələrində eyni tipli yeməklər hazırlanır. Bu yeməklər həddən artıq yağlı, zülallı və kalorili olması ilə səciyyələnir. Təbii ki, bu cür bayram süfrəsinə əyləşən bir çox şəkər, təzyiq, ürək-damar xəstələri süfrədən qalxdıqdan sonra səhhətlərində bir sıra narahatlıqlar hiss edirlər. Bu halda belə insanlar nələrə diqqət etməlidirlər?
- Mən ilk növbədə
Medicina.az saytının oxucularını qarşıdan gələn yeni il münasibətilə təbrik edirəm. Bizim mətbəximiz çox zəngin və bol çeşidli olduğu üçün bir çox insanlar bayramın səhəri günü köp, diskomfort, bağırsaq ishalı, təzyiqin, şəkərin qalxması, həzm prosesinin çətinləşməsi kimi bir sıra sağlamlıq problemləri ilə üzləşə bilərlər. Məsləhət görərdim ki, insanlar bayram süfrəsində yeməkləri qarışdırmasınlar. Məsələn, süfrədə bişmiş salatdan istifadə edilirsə, üstündən çiy tərəvəzlərdən hazırlanan salat yeməsinlər. Çünki nəticədə həzm traktında bişmiş və çiy tərəvəzləri həzm etmək üçün fərqli fermentlər ifraz olunur ki, bu da həzm prosesinə mənfi təsir göstərərək onu zəiflədir. Bu, insanlarda köp, qəbizlik, mədə ağrılarına səbəb olur. Bundan əlavə zülal tərkibli qidalardan istifadə edilərsə, o zaman bir növ ətdən istifadə edilməlidir. Qidalanma zamanı quş, mal, qoyun və balıq ətləri bir-birinə qarışdırılmamalıdır. Yəni ki, bir dəfəyə 4-5 cür ət növündən istifadə etmək məsləhət deyil. Həmçinin bayram süfrəsində spirtli içkilərdən də istifadə edilir. Unutmaq olmaz ki, şərabın tərkibində olan müəyyən maddələr ətin tərkibində olan dəmirin sovrulmasına mənfi təsir göstərir. Bu isə qan azlığından əziyyət çəkən insanlara ziyandır. Normadan artıq və qarışıq tərkibli yeməklər yeyilən zaman maddələr mübadiləsi pozulur. Bu isə immun sisteminə pis təsir edir. Ən əsası isə bayram süfrələrində yeməklərin qarışdırılması allergiyaya səbəb ola bilər. Bu zaman qaşınma, səpki, qızarıqlıq kimi narahatlıqlar yaşanır.
Bayram süfrəsi bir qayda olaraq şirniyyat və meyvə ilə yekunlaşır. Bu halda məsləhət görərdim ki, meyvə əsas yeməkdən heç olmazsa, 3 saat sonra qəbul edilsin. Əgər şirniyyat istifadə olunacaqsa, o zaman onun qəbulunu çox gec saatlara salmasınlar. Yaxşı olardı ki, bayram süfrəsi üçün insanlar mağazada satılan hazır şirniyyatlardan deyil, ev şəraitində hazırlanan bişintilərdən istifadə etsinlər. Çünki hazır şirniyyatların tərkibində müəyyən qatqı maddələri və zərərli yağlar olur ki, bunlar da kobseragen təsirə malikdirlər. Çətin həzm olunması ilə yanaşı bu məmulatların tərkibində bir sıra geni dəyişdirilmiş məhsullar olur. Bu isə sağlam, o cümlədədn də xəstə insanların səhhətlərinə mənfi təsir göstərir. Bu səbəbdən də bir çoxlarında axşam şirniyyat istifadə etdikdə səhərlər ödem yaranır.
Bəzi insanlar bayramın səhəri günü birdən-birə 2-3 kilo aldıqlarından şikayətçi olurlar. Bunun səbəbi birdən-birə orqanizmin həddən artıq kalori qəbul etməsi və həzm prosesinin pozulmasından irəli gəlir. Köpmə nəticəsində də bədəndə şişkinlik yaranır, maye toplanır. Bunun əsas səbəbi isə şirniyyatların bədəndə suyu özünə hopduraraq saxlamasıdır. Buna görə də bayram süfrəsində çalışmaq lazımdır ki, bir cür yeməkdən və bir cür salatdan istifadə olunsun.
- Şəfa xanım, bayram süfrələrində bəzi qazlı içkilərdən də istifadə edilir. Bunun orqanizmə nə kimi zərərləri var?
- Qazlı içkiləri nəinki bayramda, ümumiyyətlə heç bir halda istifadə etmək məsləhət deyil. Bu içkilərin tərkibində həddən çox şəkər var. Həmçinin də qazlı içkiləri qəbul edən zaman insanlarda bir çox narahatlıqlar üzə çıxır. Bayram süfrəsi üçün yaxşı olardı ki, ev şəraitində hazırlanan kompotlardan istifadə edilsin. Məsələn, itburnu meyvəsindən hazırlanan kompot ən yaxşı variant ola bilər. Bundan başqa, quru meyvələrdən şəkər əlavə olunmadan hazırlanan kompotlar da həm həzmə yaxşı təsir göstərəcək, həm də orqanizmi vitaminlə təmin edəcək. Yeməklə adi su və ya ev şəraitində hazırlanan ayran da həzmə yaxşı təsir edəcək.
- Uşaqlar bayramda hədiyyə qutularında qablaşdırılmış şirniyyatlardan çox istifadə edirlər. Bəs bunun uşaq orqanizminə zərəri varmı?
- Qutularda olan şirniyyatların tərkibində həddən çox qatqı maddələri mövcuddur. Bu isə uşaqlarda şirniyyatlardan asılılıq yaranmasına səbəb olur. Belə məhsulların üzərində istifadə müddəti də qeyd olunmur. Buna görə də çalışmaq lazımdır ki, uşaqları bayram ərəfəsində bu cür qidalardan uzaq tutsunlar. Yaxşı olardı ki, ev şəraitində hazırlanan şirniyyatlardan istifadə edilsin. Eyni zamanda uşaqlar tərəfindən kalorili yeməklərin, hazır şirniyyatların və qazlı içkilərin qəbulu şəkərdən aslılığa səbəb ola bilər ki, bu da gələcəkdə piylənmə, şəkər, hormonal pozğunluqlar kimi problemləri tətikləyir. Nəinki uşaqlar, həm də valideynlər belə məsələlərə önəm verməlidirlər. Qida mədəniyyəti insanda hələ uşaq vaxtlarından formalaşdırılmalıdır. Valideynlər uşaqlara bu cür qidaların zərərli olmasını izah etməli və onlardan uzaq tutmalıdırlar.
- Daha əvvəllər belə bir fikir vardı ki, təbii şəkildə sıxılmış meyvə suları faydalıdır və yeməklə məhz bu şirələr qəbul edilməlidir. Amma son zamanlarda diyetoloqlar başqa fikirdədirlər? Bununla bağlı nə söyləyə bilərsiniz?
- Təbii meyvə şirəsi faydalıdır. Ancaq burda bir məqam var. Məsələn, insan bir alma yedikdə onun tərkibində olan 14 qr şəkər bir neçə dəqiqə ərzində, yavaş-yavaş bədənə sovrulur. Bu isə almanın tərkibində olan pektin və liflərin hesabına baş verir. Bu maddələr şəkərin qana birdən birə düşməyinin və insulinun qəfil qalxmasının qarşısını alır. 1 stəkan təzə sıxılmış meyvə şirəsi əldə etmək üçün isə 1 yox, bir neçə ədəd almadan istifadə edilir. Nəticədə də bədən birdən-birə çox miqdarda şəkər qəbul edir, mədəaltı vəz yüklənir. Qanda şəkərin miqdarının qəfil qalxması isə insulinin də miqdarının artmasına səbəb olur. Buna görə də artıq çəkidən və diabetdən əziyyət çəkən insanlar yaxşı olardı ki, meyvə sularından istifadə etməsinlər. Əsasən də uşaqları bu cür içkilərdən uzaq tutmaq lazımdır. Lakin bayram süfrəsi üçün nisbətən yağ yandırıcı effektə malik olduğuna görə ananas və qreypfrut şirələrinin qarışığından istifadə edilə bilər. Ananasın tərkibində olan bromelain maddəsi yağ yandırıcı təsirə malikdir. Bu maddə həm də maddələr mübadiləsinə də yaxşı təsir göstərir. Amma bu zaman kiçik bir şərtə əməl olunmalıdır. Freş hazırlayarkən onun yarı miqdarında su əlavə edilməlidir. Bu qarışıma qətiyyən şəkər vurmaq olmaz. Adi günlərdə daha yaxşı olardı ki, tərəvəz şirələrinə daha çox üstünlük verilsin. Bu şirələr həm faydalıdır, həm sidikqovuçudur, həm də xərçəngəleyhinədir.
Arzu
Medicina.az