Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bayılması, ürək çırpınması, baş hərlənməsi olan xəstələrdə ürək yandırılır– Aritmoloqdan ürəyin ən çətin problemi haqqında açıqlamalar

  • 2018.11.08 19:20
  • 29092 Baxış
Bayılması, ürək çırpınması, baş hərlənməsi olan xəstələrdə ürək yandırılır–  Aritmoloqdan ürəyin ən çətin problemi haqqında açıqlamalar
 

Aritmioloq, invaziv kardioloq İsmayıl Göyüşov Azərbaycanda fəaliyyət göstərən 2-3 aritmioloqdan biridir. Uzun müddət Türkiyədə, Almaniyada çalışıb.


Medicina.az-ın əməkdaşı aritmioloq və aritmioloji əməliyyat icra edən tək-tük həkimlərdən olduğu üçün İ. Göyüşovla müsahibənin oxucular üçün də maraqlı ola biləcəyini nəzərə alaraq onunla söhbətləşib:


 

 Çox vaxt xəstələr səbəbsiz olaraq nəbzin sürətlənərək 130-150,  bəzən də 200-ə yüksəlməsindən şikayətlənirlər.

Bu xəstələr də birbaşa aritmoloqa muraciət etməlidirlər.



-              İsmayıl həkim, biz bu vaxta kimi ürək xəstəlikləri ilə məşğul olan həkimin kardioloq olduğunu eşitmişik, görmüşük. Amma siz aritmioloqsuz. İşiniz ürəklə bağlıdır. Kimdir aritmoloq və nəyi müalicə edir?


-              Aritmiologiya kardiologiyanın ritm pozğunluqlarinin diaqnostika və müalicəsi ilə məşğul olan bölməsidir. Son 30 ilə qədər tibbi müalicə, yəni dərman terapiyası ilə məşğul idilər. Amma artıq daha çox invaziv müdaxilə, yəni aritmiyanın invaziv müalicəsi ilə məşğuldurlar. Ürəyin içində elektrofizioloji müayinə aparmaqla  həm diaqnoz qoyuruq, həm də sonrasında oradakı ocaqları yandıraraq, birdəfəlik yox edə bilirik. 


-              Bunu normalda bir kardioloq edə bilməzmi?


-              Kardioloqlar bu və ya digər dərəcədə aritmiyaların dərman müalicəsi ilə məşğul olurlar. Amma aritmiyanın kökündən həll edilməsi metodu olan ablasiya əməliyyatı yalnız aritmoloqlar tərəfindən icra edilir.


-              Bəs axı bizdə aritmiyası – yəni ritm pozğunluğu olanları bu vaxta kimi kardioloqlar sağaldırdı...


-        Sağaldırdımı? Bu bir qədər mübahisəlidir. Çünki bir çox aritmiyalarda aritmiya əleyhinə dərmanlar çox vaxt qisamüddətli rahatlamaya səbəb olurlar. Amma aritmiyaya səbəb olan ocaq ürəkdə hələ də mövcud olduğu üçün təkrarlayır. Başqa bir problem isə bu dərmanların əlbəttə ki yan təsirləridir, hansi ki, bəzən çox ciddi fəsadlarla nəticələnir. Xaricdə də belə xəstələr birmənalı olaraq aritmoloqa yönləndirilir.


-              Bəs hansi xəstələr birbaşa kardioloqa deyil, aritmoloqa müraciət etməlidirlər?


-             Xüsusən xəstələrimiz ürək döyünmə və bayılmaları olan xəstələrdir. Bəzən də xəstənin heç bir şikayəti olmayib, kardioqrammasında aritmiyalar izlənə bilər. Xəstələrin nəbz azalmasi və ya artmasi nəticəsində baş firlanmasi, göz qaralmasi, ürəkgetməsi olursa, mütləq təcili olaraq aritmoloqa müraciət etməlidirlər. Çox vaxt xəstələr yalnız səbəbsiz olaraq nəbzin sürətlənərək 130-150,  bəzən də 200-ə yüksəlməsindən şikayətlənirlər. Bu xəstələr də birbaşa aritmoloqa muraciət etməlidirlər.


-              Niyə nəbz bu qədər vurur, ritm sürətlənir, ürəkdə nə baş verir?


-              Çox zaman bu problem doğuşdan olur, 20-40 yaşlarında özünü göstərir. Ürəyin bir hissəsində aktiv ocaq yaranır və ya hər hansi bir hissəsində əlavə yollar olur. Müəyyən yaş dönəmində aktivləşirlər. Bu yollar bəzən 40-60 yaşina qədər simptom verməyə bilər.   Diaqnoz qoymaq bəzən çətinlik yaradır. Çünki xəstədə həftədə bir, ayda bir dəfə tutmalar ola bilər. Yəni xəstə adi normal halında gəlib EKQ çəkdirərsə, aritmiya görünməz.


Bu xəstələrdə tutma halında, bayılma vaxtı, ürək döyünmə vaxtı kardioqramma olunsa, aritmiyanı tutmaq olur. 


Əgər bu da mümkün olmasa, o zaman  xəstəyə Holter dediyimiz xüsusi cihaz taxırıq . Xəstə cihazı üzərində 10 gün gəzdirir, o zaman aritmiyani qeydə ala bilirik. 


Bəzən o cihazla da tapa bilməsək, ürəyin içinə invaziv yolla girib ürəyin içindən stimulasiya ederək ortaya çıxarırıq. Ayaqlardan, vena damarları ilə ürəyin sağ tərəfinə girib, ordan impulslar veririk, ocağı aşkarlayırıq. Belə deyək, süni ürək ritmi yaradırıq. Elektrik sistemini yoxlamağa başlayırıq. Güclü taxikardiyası olan insanlarda da bu üsulla diaqnoz qoyulur. Ürəyi xəritələyib, ocaqların yerini qeyd edirik. Bu proseduraya Elektrofizoloji araşdırma deyirik. Cihazlar, xüsusi borular vasitəsilə qasıq venasından girib həmin ocaqları yandırırıq. Bu da ocaqlarin Ablasiyasi və ya ocaqlarin ləğv edilməsi adlanır.   

 

Azərbaycanda belə cihazları olan bir neçə mərkəz var, biri də bizdədir. Beləliklə, ritmi artıran o yolları kəsmiş oluruq. Bu metodla xəstə ömürlük taxikardiyadan, bayılmadan xilas olur.

 



 

 Allah etməsin, iş vaxtı, sükan arxasında bayılma, tutma olarsa, ritm pozularsa,

o sükanı buraxacaq. O zaman digər yüzlərlə insanın həyatını da təhlükəyə atmış olacaqdır. 

 

 

 

-              Məncə Azərbaycanda aritmiyası olan xəstə çox olsa da, siz deyən metodlar elə də  geniş yayılmayıb. Yeni sahədir, yəqin xəstə də az olar.


-              Çox az adam bilir. Heç kardioloqların hamısının belə bu müalicə metodlarından xəbəri yoxdur.  Amma bu əməliyyata faktiki ehtiyacı olan insanlar az deyildir. Əməliyyat aritmiyanın növünə, ağırlıq dərəcəsinə görə də təyin olunur. Bəzi peşə sahibləri əsasən, pilotlar, qatar sürücüləri, avtobus sürücüləri  kimi  təhlükəli peşələrdə çalışan insanlarda aritmiya, bayılma varsa, bu adamlar mütləq əməliyyat olmalıdır. Çünki Allah etməsin, iş vaxtı, sükan arxasında bayılma, tutma olarsa, ritm pozularsa, o sükanı buraxacaq. O zaman digər yüzlərlə insanın həyatını da təhlükəyə atmış olacaqdır. 


-              Aritmiyanın ölüm təhlükəsi var?


-              Daha çox mədəcik aritmiyalarında öldürücü olur. Xəstələr bayılar, ölə də bilər. Qulaqcıq aritmiyaları baş gicəllənmə, hərlənmə, bayılma, təzyiq düşməsi ilə özünü göstərir. Ölüm hadisəsi burda daha azdır. Amma yolda getdiyi yerdə, pilləkəndən, hündürlükdə bayılaraq yıxılıb, başı harasa dəyib ölə bilər. Maşın sürərkən bayılırsa, qəzada ölə bilər.


-              Ürək tutmaları, sıxılma, döyünmə, çırpınma, ürək bulanma başqa xəstəliklərdə də olur. Bu xəstələr necə bilsin ki, onda aritmiyadır, ya başqa bir səbəb?


-    Ürək xaricindəki bəzi xəstəliklər də yuxarıdakı şikayətlərə səbəb olur. Məsələn, anemiya, şəkər, qalxanabənzər vəzi xəstəlikləri.  Bunu təbii ki, inkar etmək lazımdır və sonrasında ürəkdaxili səbəbləri araşdırmaq lazimdır. Amma çox zaman bənzər şikayətli xəstələr nevroz, panik atakla səhv salınır, xəstələr illərlə  psixiatr müalicəsi alır, antidepressant, bəzən hətta psixotrop dərmanlar qəbul edir, amma sağalma baş vermir. Həkimlər gəzir, heç kim heç nə tapmır, amma panik ataka bənzər tutmalar davam edir.

 

Xəstələr ölüm qorxusu keçirir. Aritmiyanın xüsusiyyəti də əslində bundadir. Xəstə də bu qorxu ilə psixologiyası pozularaq yaşayır. Bir müddətdən sonra psixiatrın dərmanları da artıq icmirlər, xəstələr yalniz  bu mərhələdən sonra bizə müraciət edirlər.


-              O zaman aritmioloq kardioloqdan daha çətin ixtisasdır, Bakıda da yəqin, mütəxəssis azdır?


-              Azərbaycanda 7-8 ildir bu sahə vardır. Aritmioloqlar isə çox azdır, bir neçə nəfərdir. Bu sahə üzrə ixtisaslaşmaq da çox çətindir. Aritmiya xəstələrini hələ də kardioloqlar müalicə edirlər. Yalnız medikal müalicəsi effektsiz olunca, bizlərə yönləndirirlər. Elə aritmiyalar var ki, dərman müalicəsi demək olar ki, effektsizdir və anti-aritmik dərmanlarin yan təsirləri çoxdur. 

 

 Əməliyyat zamanı soruşduq ki, niyə evlənməmisən.

Pasiyent dedi ki, qorxuram, cinsi əlaqə zamanı da tutmalar olsun. Bir neçə dəfə başıma gəlib. Bu səbəbdən evlənmir

 



-     Bu vaxta kimi xəstələrinizin müalicəsi zamanı qarşılaşdığınız maraqlı hadisələr barədə nə deyə bilərsiz?


-   Bir  33 yaşlı xəstəmiz var idi,  kiçik uşağı belə qucağına ala bilmir, ağır qaldıra bilmir, artıq cavan yaşinda iş görməz hala gəlmişdir. Əməliyyat etdik. Əməliyyat zamanı soruşduq ki, niyə evlənməmisən. Pasiyent dedi ki, qorxuram, cinsi əlaqə zamanı da tutmalar olsun. Bir neçə dəfə başıma gəlib. Bu səbəbdən evlənmir, evdə də dərdini deyə bilmir. Artıq xəstəliyi onun psixologiyasına təsir edirdi. İnsan xəstəliyinin əsirinə çevrilmişdi. Əməliyyat oldu, daha qorxusu yoxdur, evlənəcək də, söz verdi toya da çağiracaq. 

 

Elə xəstə var, bir iki dəfə avtobusda, metroda krizlər tutub, artıq qorxur nəqliyyatda getməkdən. Dərdini də bilmir, zaman keçdikcə evə qapanırlar.  Belə hallar bir müddətdən sonra psixoloji problemlərə səbəb olur.


Bir pasiyent qız gətirmişdilər- 17 yaşlı. Evdən çıxmırdı, heç kimlə görüşmür, gecələr yatmır, psixologiyası pozulub. Günlük 5 qutu enerji ickisi içir, televizora baxır. Yemək də yemir. Valideynləri çox narahat olurdular. Ürəyində qapaq problemi və aritmiya pozğunluğu aşkarladıq. Onu yandırdıq. Daha sonra psixoloq müalicəsinə göndərdik. Bu qızın da evə qapanmasına səbəb ritm pozğunluğu idi. Dəfələrlə yolda, avtobusda halı pisləşib, utanıb, və evə qapanıb, komplekslər yaranıb ki, küçəyə çıxacam, yenə yıxılacam, bayılacam. 


-        Aritmiyası olan insan idmanla, qaçışla məşğul ola bilərmi?


-        Bu təbii ki, aritmiyanin növündən və məşğul olacaği idman növündən asılıdır. Aritmiyalardan qorunmaq üçün həftədə 2 dəfədən artıq idman,  yarişmalı idman növləri ilə məşğul olmaq məsləhət görülmür. Xəstəlik daha da ağırlaşa bilir. İdmana başlamazdan öncə ciddi müayinə olunması vacibdir..


-              İsmayıl doktor, yanınıza çox vaxt öncədən kardioloq müalicəsi alan xəstələr gəlir. Onların qəbul etdikləri dərman reseptlərini görürsüz. Nə sizi təəccübləndirir, hansı yöndə səhvlər var, xəstələr düzgünmü müalicə olunur? 


-              Təbii ki, peşəkar həkimlərimizə, yaşlı nəslə hörmətimiz böyükdür. Amma çox zaman müalicə ilə məşğul olan kardioloqlar köhnə kitab və ədəbiyyatlarda olan müalicə sxemləri ilə gedirlər. Bəzən çox bəsit, bəzənsə həddən artıq ağır, aqressiv müalicələr yazmalarını görürük. Hansı ki, o xəstələrdə o qədər yan təsiri olan, ağır dərmanlarla başlanmasi məsləhət görülmür.  Nə vadar edib ki, ilk dəfədən bu qədər aqressiv metod seçilir? Bəzi dərmanları başlarkən göstəriş olsa belə 10 dəfə düşünüb başlamamız lazımdır.

 

Məsələn, Amiodaron dediyimiz dərman var – bir çox ritm pozğunluqlarında istifadə edilə bilər. Bu dərmanlar qalxanabənzər vəzə, qaraciyər, gözlərə, ağciyərlər kimi həyati vacib orqanlara zərərli təsir edərək, cox ciddi fəsadlar verə bilər. Bu cür ritm pozgunluqlari əgər qapalı, 1-2 saatliq əməliyyatla bitirsə, bu dərmanların əlavə təsirləri ilə uğraşmağa nə gərək var? Bəzən çox əlaqəsiz dərmanlar da yazılır, bu da xəstənin başını qatmaqdan bir şey deyil.

 



Aygün Musayeva


Medicina.az
Bayılması, ürək çırpınması, baş hərlənməsi olan xəstələrdə ürək yandırılır–  Aritmoloqdan ürəyin ən çətin problemi haqqında açıqlamalar
Bayılması, ürək çırpınması, baş hərlənməsi olan xəstələrdə ürək yandırılır–  Aritmoloqdan ürəyin ən çətin problemi haqqında açıqlamalar
Bayılması, ürək çırpınması, baş hərlənməsi olan xəstələrdə ürək yandırılır–  Aritmoloqdan ürəyin ən çətin problemi haqqında açıqlamalar
Bayılması, ürək çırpınması, baş hərlənməsi olan xəstələrdə ürək yandırılır–  Aritmoloqdan ürəyin ən çətin problemi haqqında açıqlamalar
Bayılması, ürək çırpınması, baş hərlənməsi olan xəstələrdə ürək yandırılır–  Aritmoloqdan ürəyin ən çətin problemi haqqında açıqlamalar
Bayılması, ürək çırpınması, baş hərlənməsi olan xəstələrdə ürək yandırılır–  Aritmoloqdan ürəyin ən çətin problemi haqqında açıqlamalar