“New York Magazine” jurnalının ABŞ prezidenti Co Bayden və prezidentliyə namizəd Donald Trampla bağlı üz qabığı qalmaqala səbəb olub.
Medicina.az xəbər verir ki, jurnalın yeni sayının üz qabığında hər iki siyasətçi alt paltarında təsvir olunub.
Süni intellekt tərəfindən yaradılan fotoda Donald Tramp və Co Bayden ağ rəngli alt paltarında, tərəzinin üzərində dayanmış halda görünürlər.
“Demokratlar ağlını itirir” başlığı və “Bir sağlamlıq məsələsi” yarım başlığı diqqət çəkib.
İnternet istifadəçiləri “Instagram”da nəşrin üz qabığına mənfi reaksiya veriblər.
“Bu, hörmətsizlikdir”, “Bunu silmək üçün hələ də gec deyil”, “Neçə insan bunun yaxşı fikir olduğunu düşünüb?”, “Bunu heç kim görmək istəmir”, - deyə şərhlərdə yazılıb.
Xatırladaq ki, iyulun 17-də Co Bayden səhhətində problemlər aşkarlanacağı təqdirdə seçkidən çəkiləcəyini vəd edib. Bu gün isə onun koronavirusa yoluxduğu açıqlanıb. Ağ Evin mətbuat katibi Karin Jan-Pier Baydenin koronavirus infeksiyasına görə Las-Veqasda baş tutacaq UnidosUS konfransında çıxış etməyəcəyini açıqlayıb.
Bayden tez-tez səhhətindəki problemlərlə müzakirələrə səbəb olur. Tramp isə son günlər sui-qəsd nəticəsində qulağından xəsarət alması ilə gündəmi məşğul edir.
Aysel