Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Başqa Elinalar ölməsin deyə MÜTLƏQ OXUYUN

  • 2019.04.13 14:01
  • 21207 Baxış
Başqa Elinalar ölməsin deyə  MÜTLƏQ OXUYUN

"Çox çətin keçən ərgənlik dönəmində yeniyetmələr problemlərlə qarşılaşır. Bu dövrdə əsasən ailədə, məktəbdə uşaqlarla, müəllimlərlə aralarında problemlər yaranır”. 


Bunu Medicina.az-a açıqlamasında psixoloq Aygün Cəfərova deyib. 


O deyib ki, ərgənlikdə uşaqlarda özlərinə qapanma və aqressivlik olur. Bunun yaranma səbəbi isə ailədə valideyn uşaq münasibətlərinin düzgün qurulmamasıdır: "Çünki uşaq ilkin diqqət və yaxud əksinə diqqətsizlik kimi qayğı əlamətlərini məhz ailədə görür. Əgər ailədə valideyn-uşaq münasibətləri düzgün qurularsa, onlara lazımı diqqət ayrılarsa, münasibət düzgün olar. Bir çox valideyn uşağına diqqət göstərməyi yalnız onun maddi ehtiyaclarını ödəməkdə görür. Lakin əsas odur ki, bu yaşdakı uşaqların mənəvi ehtiyacı ödənsin”.


Onun sözlərinə görə, ərgənlik dönəmi sadəcə fiziki dəyişikliklə sonlanmır: "Əsas amil məhz psixoloji vəziyyətdir ki, mütləq diqqət tələb edir. Ailələr bu dönəmdə mütləq ehtiyatlı olmalıdır. Ərgənlik dönəmində uşaqların valideynləri onların davranışlarını sorğu-sual etməməlidir”.

Psixoloq bildirib ki, münasibət düzgün qurulmadıqda uşaqlar istiliyi, sevgini başqa yerlərdə axtarır: "Cəmiyyətdə çalışırlar ki, özlərini sübut etsinlər. Çünki ailədə özlərini göstərə, həmin sevgini ala bilmirlər. Bu da bir çox problemlərə  gətirib çıxarır. Onların həyat tərzlərinə diqqət etmək vacibdir. Balalarınızı narahat edən hər xırda problemi belə sizinlə bölüşməsi üçün şərait yaradın. Dost-tanış çevrəsini müşahidə edin. Onların maraq dairələrini müsbət yöndə istiqamətləndirin”.


A.Cəfərovanın sözlərinə görə, valideynlərin mübahisəsi uşaqlara pis təsir edir: "Ərgənlərin istəklərini alçaltmayın onlara tez-tez böyüdüyünün məsuliyyətini yükləməyin. Bu kimi ünsürlər uşaqla valideyn arasında münasibəti daha da gərginləşdirir. Ərgənlik yaşına çatan uşaqlara nə ifrat azadlıq vermək, nə də onları çox sıxmaq düzgündür. Hərşey çərçivədə olmalıdır. Onları sıxmadan daimi ünsiyyət mütləqdir. Övladlarınızın arzu-istəklərinə hörmətlə yanaşın, sərhəd qoyduğunuz amillərin mənfi nəticələr verə biləcəyini faktlarla əsaslandırın. Övladınıza qoyduğunuz sərhəddləri bəzən yumşaldın. Əks halda onlarda qadağalara daha da maraq oyanar. Əsla öz fikirlərinizi övladınıza məcbur  qəbul etdirməyin. Onlarla müzakirə edin. Şəxsi otaqlarına, əşyalarına sayğı göstərin. Otaqlarına qapını döymədən daxil olmayın. Mümkün qədər otağında yaratdığı dizayna müdaxilə etməyin. Onları əsla tənqid etməyin. Onlara inanın. Yalan danışırsan deyə travma verməyin. Hər kəlimələrinə şübhə ilə yanaşmayın. Rəfiqə, dost seçmələrində sərbəstlik verin. Təbii ki, diqqətdə saxlamaq şərti ilə”. 


Psixoloq bildirib ki, ərgənlik dönəmində valideynlər qədər müəllimlərin də üzərinə yük düşür. Həmin uşaqlara daha çox diqqət edilməlidir: "Onların problemləri, dərslərdə zəifliyi və yaxud da sinif yoldaşları ilə aralarında olan narazılıq, gərginliklərin alt qatındakı səbəblərə köklənib həll etmək lazımdır: "Bu da müəllimlərin, məktəb psixoloqunun üzərinə düşür. Əsasən məktəbdə uşaqlar bu yaş dövründə daima çalışırlar ki, özlərini bir-birilərinə sübut etsinlər. Oğlanlar bir kişi kimi özlərini sübut etməyə çalışırlar, qızlar isə daha çox diqqət mərkəzində olmağa can atırlar. Çünki onlarda həm psixoloji, həm də fizioloji dəyişikliklər olur. Əgər vaxtında valideyn uşaqlarda olacaq fizioloji dəyişikliklərin normal olduğunu başa salsa, bunun normal olduğunu izah etsələr, onlar üçün kompleks yaranmayacaq. Çünki bəzi uşaqlar fizioloji dəyişiklikləri kompleks edirlər. Bu da məlumatsızlıqdan yaranır”. 


Ayna Məmmədova
Başqa Elinalar ölməsin deyə  MÜTLƏQ OXUYUN