“Sağlıq xidməti çox bahalıdır, ucuz xidmət mümkün deyil”
Ali Haberal Türkiyənin məşhur universiteti Başkent Universitetinin rektoru, professor, həm də qadın xəstəlikləri və doğum uzmanıdır, Başkent Universitet Xəstəxanasında çalışır.
27 illik tarixi olan bir Universiteti idarə etmək, onu Avropa və Amerika səviyyəsində inkişaf etdirmək yolunda universitetin qurucusu Mehmet Haberalla çiyin-çiyinə çalışıb, vuruşub.
Medicina.az -ın əməkdaşları Ankara səfərində Türkiyə elm və tibb dünyasının daha bir ünlü ismi Əli Haberalla görüşüb.
Onun saytımıza müsahibəsini təqdim edirik:
- Əli doktor, Başkent Universiteti və xəstəxanası bu gün tibb sahəsində hansı yenilikləri edir? Həm Türkiyə, həm əcnəbi pasiyentlərin gözləntilərini doğrulda bilirmi?
- Başkent Universitetinin tarixi 14 sentyabr 1993-cü ildən başlayır. Bu gün Türkiyəninin 6 regionunda 10 xəstəxanamız var. Ən böyük xəstəxanalarımız Adanada və bu gördüyünüz Ankara xəstəxanasıdır. Güclü akademik kadrlarımız, alimlərimiz, professorlarımız var. Başkent Universitetinin 10 min işçi heyəti, 1600 akademik kadrımız var. Universitetin 12 fakültəsi var. Bunların da başında ən əsas tibb fakültəsi, diş həkimliyi, sağlıq elmləri və yeni açılan əczaxana fakültəsi gəlir. Bir sözlə, müasir bir xəstəxananın işləyə bilməsi üçün bütün personalı Başkent Universiteti yetişdirir. Digər üstünlüyü xəstəxanalarında təcrübə imkanlarının olmasıdır. Bizdə dünyada mövcud olan bütün tibbi və cərrahi əməliyyatlar həyata keçirilir. Son illərdə bütün dünya tibbində xərçəngin xəstəliyinin müalicəsi özəl yer tutur. Təəssüf ki, xərçəng xəstələrinin sayı müxtəlif səbəblərdən artır. Başkent Universiteti xəstəxanasında ən yeni yollar sınanır. Əməliyyat, kimya, şüa terapiyası aparılır. Bu müalicələrdə texnoloji baxımdan böyük dəyişiklər var. Biz yeni cihazlar çıxan kimi maraqlanır, alırıq və burda tətbiq edirik. Bir il öncəyə qədər radioterapiyada şişə şüa ilə təsir etdikdə ətraf sağlam toxuma və hüceyrələrə də zərər verilirdi.
Başkent Universitetində ətraf toxumaya yox, sadəcə şişə təsir edən cihaz var. Ən son modeli MR LİNAK – cihazında kimyatrerapiya müddəti 15-20 gün yox, 3-5 gün çəkir. Bu da xəstəyə az zərər verir. Uğurlu müalicə şansı çox yüksəkdir. Bir digər özəlliyi şişin yerləşdiyi yer çətin və əlçatmaz olduqda asanlıqla şüanı yönəldə bilir. Bu cihaz həm diaqnoz, həm də müalicə üçün uyğundur, ikisi bir aradadır.
Bir il ərzində ən müxtəlif və çətin xərçəng tiplərində çalışdıq, aldığımız nəticələr çox gözəldir, xəstələr də məmnundur. Bu müalicələrdən həm Türkiyədəki, həm də qonşu qardaş ölkələrimiz, başda Azərbaycan, eləcə də Avropa ölkələrindən bütün xəstələr faydalana bilər.
Biz Başkent Universiteti olaraq sadəcə, xərçəng ilə uğraşmırıq. Əsas hədəfimiz bu deyil. Bildiyiniz kimi, bizim üstün olduğumuz daha bir sahə orqan nəqlidir. Bu coğrafiyada və Türkiyədə orqan transplantasiyası bizim hocamız, Başkentun qurucusu Mehmet Haberal tərəfindən gerçəkləşib. İndi Mehmet Haberalın orqan nəqli mərkəzi məhz Başkent Universitetidir.
Bu dövrdə hocanın qurduğu dərnəklər, birliklər var. Bu dərnəklər vasitəsilə türk dövlətləri, Orta Asiya və Azərbaycandan həm xəstələrin müalicəsi, həm ölkələrdə əməliyyat, həm də təhsil və təcrübələri təşkil edilir. Başkent Universitetinin Azərbaycanla olan münasibətləri çox illər əvvələ gedib çatır. Orada bizimlə bərabər Hikmət İsmayılov və professor Nuru Bayramov var.
- İndi xəstəxanaların sayı gündən–günə artır. Bugünkü pasiyentlər bir xəstəxanadan, həkimdən, yəni sizlərdən nə tələb edir: ucuz müalicəmi axtarır, ya baha da olsa, dəqiq müayinə və müalicə?
- Sağlamlıq hər şeydən üstündür, sağlıq yoxsa, dünya sizin olsa bir dəyəri yox. Amma sağlıq xidməti göstərən qurumların da üzərinə önəmli iş düşür. Burda birinci doğru müayinə müalicə, sonra da bunun uyğun maliyyətinin olmasıdır. Amma bilməliyik ki, sağlıq xidməti çox bahalıdır. Burda ucuz xidmət demək olar mümkün deyil. Amma bir çox ölkələrdə və bizdə Türkiyədə bütün vətəndaşlar Sosial Güvənlik qurumunda (tibbi sığorta kimi) dövlətdən müəyyən miqdar sağlıq xidməti alırlar.
Dövlət xəstəxanaları, dövlətə aid universitet xəstəxanalarında bu sığorta keçərlidir. Bir də var bizim kimi vəqf xəstəxanaları və özəl klinikalar. Buralarda fərqli qiymətlər ola bilər. Çünki hər xəstəxananın özünə görə qanunu, xərci, şərtləri var. Başkent Xəstəxanası bir vəqf universitetidir, ticari qurum deyil. Təbii ki, bizdə tibbi xidmətlər üçün müəyyən bir qiymət siyasəti yürüdülür. Amma burdakı qiymətlər bəzi özəl xəstəxanalardan fərqli ola bilər.
Dövlətin verdiyi “Sağlıq uyğulama” kitabçasında tibbi xidmətlərə görə qiymətləndirmə cədvəli var. Orda qiymətlər qeyd edilib. Amma bizim kimi xəstəxanalarda bu məbləğlər, xərclər dediyim kimi müasir cihazlar, yöntəmlər baxımından yetərli olmaya bilər. O zaman müalicə və ya əməliyyatda dövlətin vətəndaşa ayıra biləcəyi məbləğdən əlavə yaranan fərqi vətəndaş özü ödəyir və müalicəsini burda alır.
Buna fərq ücrəti deyilir. Bizim qiymət sistemimiz budur. Amma Türkiyədəki bütün xəstəxanalarında belə olmaya bilər.
- Xəstəxananızın uğuru daha çox nədən asılıdır: müasir cihazlardan və ya həkimlərinizdən? Başkent Universiteti xəstəxanasında həkimləri necə seçirsiz?
- Həkimlərin xəstəxanamızda çalışması üçün dəyərləndirilməsi aparılır. Hər həkim bizim xəstəxanada işləyə bilməz. Həkimin aldığı təhsili, sertifikasiyası, təcrübəsi yoxlanılır. Bizim yetişdirdiyimiz həkimlər də var. Azərbaycandan bura tibb təhsili üçün gələnlər və uzmanlıq keçənlər var. Burada azərbaycanlı həkimlərin sayı az deyil. Onlar burda yetişir, sonra ölkələrinə qayıdıb, xalqına xidmət edir. Bakıda qadın doğum ginekoloji sahəsində yetişib doktor olub, indi burda çalışanlar var. Sonra sahələri üzrə müəyyən imtahanlardan keçir, dosent, professora kimi yüksəlirlər. Bütün doktorlarımızdan, tibbi heyətimizdən razıyam. Bizimlə çalışanlar 24 saat burda olmaq, çalışmaq qanununa tabe olanlardır. Bizdə səhər gəldim, saat 5-6 da gedim elə bir şey yoxdur. İşi nə zaman bitərsə o zaman gedir. Xəstələr də çox olduğu üçün burda da iş bitmir. Zatən gözü saatında olan həkimin də burda yeri yoxdur. Saatı unutmalıdır.
- MR Limak cihazı kimi yeni, dünyada nadir cihazlardan, metodlardan hansı yaxın gələcəkdə Başkent Xəstəxanasına gətiriləcək? Yeni planlarınız nələrdir?
- Metod və texnikalar hər il dəyişir. İndi robotik cərrahiyyə var. Kişilərdə prostat xərçəngin müalicəsi üçün yeni bir texniki cihaz var, o gələcək. Əməliyyatxanalar üçün aldığımız naviqasiya sistemi cihazları alırıq. Məsələn, beyində bir şiş var, cihaz cərrahın bıçağını birbaşa o nöqtəyə aparır. Dünyada tibdə hər hansı texnoloji yenilik olan kimi Türkiyəyə və Başkentə gətirilir. Hədəfimiz də budur ki, birinci Başkentə gətirək, insanlarımız başqa ölkələrə getməsin. Universitetdə Yapay Zəka – Süni intellekt mərkəzi qurulur, bununla bağlı işlər yekunlaşır. Və bütün dünyada elmi tərəqqi Süni intellekt üzərindən getməyə başladı. Bu sahədə bir-iki yeni laboratoriya hazırlayırıq. 3 D kompüter sisteminə doğru gedirik. Bizdə orqan modelləşdirilməsinə başlayacağıq: sümük, dəri, qaraciyər və s.
- Professor, qeyd etdiniz ki, dünyada da, Türkiyədə, elə bizdə də hər il xərçəng xəstələrinin sayı artır. Bir doktor olaraq bu xəstəliyin yaranmasının əsas səbəblərini nədə görürsüz? Zərərli qidalanma təsir edirmi?
- İnsan bədəni yaşlandıqca bir sıra xəstəliklər, problemlər başlayır. Xərçəngin yaranma faktorları: birincisi stress, ikincisi ətraf mühit – hava, çirkli hava, su, qidalanma və s. Xüsusilə süni, hormonlu qidalar, gübrələr. Müasir bir sıra texnoloji yeniliklər, genetik faktorlar. Bunların hamısı bir araya təsir edəndə zamanla şişlər, xərçəng yaranır. Amma bu faktorlar həmişə olacaq. Bunun üçün nə etməliyik: erkən diaqnoz proqramları olmalıdır. Kişilərdə və qadınlarda dünya üzrə ən çox rastlanan bəzi xərçəng növlərini çox erkən aşkarlamaq üçün ümum ölkə səviyyəsində oxuma - tarama proqramları aparılması lazımdır. Türkiyədə də bu proqramlar artırılır və işlər sürətləndirilir.
- Müsahibə üçün təşəkkür edirik.
- Mən sizə təşəkkür edirəm! Qardaş ölkəyə salamlar! Azərbaycandan istər tibb təhsili almaq istəyən, istər uzman olmaq istəyənləri, eləcə də sağlamlığında problem olub, müalicə olunmağı arzulayanları Başkentdə gözləyirik.
Aygün Musayeva
Azər Kazımlı
Medicina.az