Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Başkent Universitetinin Bakıda nümayəndəliyi açıldı - FOTOLAR

  • 2024.05.18 13:47
  • 1318 Baxış
Başkent Universitetinin Bakıda nümayəndəliyi açıldı -  FOTOLAR
Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Başkent Universitetinin Azərbaycan nümayəndəliyinin açılışı olub.




Medicina.az xəbər verir ki, açılış mərasimindən öncə Başkent Universitetinin nümayəndə heyəti Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.


Daha sonra universitetin Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 117k ünvanında yerləşən nümayəndəliyinin açılış mərasimi keçirilib.



Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Başkent Universitetinin qurucusu Prof. Dr. Mehmet Haberal, rektor Prof. Dr. Hakan Özkardeş, TƏBİB-in məsul şəxsləri, millət vəkilləri, tanınmış həkimlər, iş adamları, eyni zamanda Başkent Universitetinin məzunları iştirak ediblər.





Başkent Universitetinin qurucusu, Dünya Orqan Transplantasiyası Dərnəyinin prezidenti Prof. Dr. Mehmet Haberal açılış nitqi ilə çıxış edərək qeyd edib ki, nümayəndəliyin açılmasında məqsəd Azərbaycan vətəndaşları üçün tibb təhsili və müalicə imkanları yaratmaqdır:


"Biz Türkiyədə olan bütün imkanlardan Bakıda da istifadə olunmasını istəyirik. Söhbət yalnız insanların müalicəsindən getmir. Biz eyni zamanda tibb təhsili və ölkə üçün aktual olan müasir ixtisasların əlçatanlığını təmin etmək niyyətindəyik".





Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə bildirib ki, Başkent Universitetinin Azərbaycan nümayəndəliyinin açılması bir qədər geciksə də, olduqca əhəmiyyətli addımdır. O qeyd edib ki, məşhur Başkent Universiteti Xəstəxanası Tûrkiyə səhiyyəsində önəmli yer tutur. Belə bir təhsil müəssisəsinin Azərbaycanda nümayəndəliyinin açılması iki ölkə arasındakı qardaşlıq münasibətlərinin məntiqi davamıdır.





Başkent Universitetinin rektoru Prof. Dr. Hakan Özkardeş isə öz çıxışında nümayəndəliyin hədəflərindən danışıb və onun fəaliyyətinə uğurlar arzulayıb. O qeyd edib ki, Başkent Universitetinin tibb fakultəsinin diplomu Azərbaycanda tanınır:

"Universitetimiz Avropada akkreditasiyadan keçib və Avropa Kredi Transfer Sistemi və diplom baxımından tanınır".


Qeyd edək ki, Başkent Universiteti 1993-cü ildə yaradılan hüquqi şəxs statuslu vəqf universitetidir. Onun təsisçisi Prof. Dr. Mehmet Haberaldır. Başkent Universiteti Xəstəxanalarında əsasən, orqan nəqli, plastik cərrahiyyə, beyin cərrahiyyəsi, travmatologiya, ortopediya və onkoloji xəstəliklərlə bağlı tibbi xidmətlər göstərilir.