Xəbər verdiyimiz kimi Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib.
Əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynovun isə qaçıb gizləndiyi telefonlara cavab vermədiyi deyilir.
Medicina.az xəbər verir ki, modern.az saytı dünyasını dəyişən Ayşən Mirzəyevanın atası Müşfiq Mirzəyevlə əlaqə saxlayıb. O bildirib ki, indi heç bir söz deyə bilməyəcəklər.
"Qızın meyitini "Grand Hospital”dan çıxarıb Şamaxıya aparmışdıq ki, orada dəfn edək. Sonra bizə Baş Prokurorluqdan məlumat verdilər ki, dəfn etməyin. "Bizi gözləyin” dedilər. Onlar ekspertiza edib uşağın dəqiq nədən dünyasını dəyişdiyini deyəcəklər. Ondan sonra nəsə bir söz deyə bilərik. İndi heç nə danışmaq istəmirik”
"Grand Hospital” xəstəxanası ilə əlaqə saxlayaraq həkim İlqar Hüseynovun harada olduğunu öyrəndik.
"İlqar Hüseynov heç yerə qaçmayıb. İşinin başındadır. Özü ilə əlaqə saxlayın, nə sualınız varsa, deyin”
Həkimlə bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verməyib. Yalnız sürücüsü əməliyyatda olduğunu deyib.
"İlqar Hüseynovun sürücüsüyəm. Səhər işə gətirmişəm. Hazırda əməliyyatdadır. Ona görə də telefon məndədir. Hardasa qaçıb gizlənməsi xəbəri yalandır”
Bəs həkim məsuliyyətsizliyi hüquqi aspektdən necə qiymətləndirilir?
Hüquqşünas Adəm Məmmədov isə həkim məsuliyyətsizliyi zamanı tibb müəssisəsinin nüfuzdan düşdüyünü bildirib.
"Özəl tibb müəssisəsində ölüm hadisəsi baş veribsə, bu xəstəxananın fəaliyyətinə ciddi xələl gətirir. Çünki məlumat mətbuat səhifələrində yayılmaqla insanlar tərəfindən mühüm hadisə kimi qiymətləndirilir.
Bu zaman həkimin həkimlik fəaliyyətinə xələl gətirir. İnsanlar həmin həkimə müraciət etməkdən çəkinirlər. Ölüm faktının olması tibb müəssisəsinin gözdən salınmasına səbəb olur. Qaldı ki, həkimin fəaliyyətində cinayət əməlinin aşkarlanmasına bununla istintaq orqanları məşğul olur. Bu məsələ prokurorluq orqanlarının nəzarəti altında olur. Məhkəmə tibbi ekspertizasının təsdiqinə əsasən həkim məsuliyyətsizliyi, ehtiyatsızlığı aşkar olunur. Cinayət Məcəlləsinin 24.1 maddəsi ilə həkim cinayət məsuliyyətinə cəlb oluna bilər. 2 ilədək islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum ola bilər”
Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb.
Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb.
Yayılan məlumata görə, proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb.