Azərbaycanda 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəlində hər yüz min nəfər doğan qadından 46-sı tələf olub.
Bunu Medicina.az saytına müsahibəsində tibb elmləri doktoru, professor K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib.
Baş pediatr deyib ki, indi ana ölümündə 3 dəfədən çox azalma var: "Yəni hər yüz min nəfər doğan qadından 14-ü tələf olur. Mən insan, tibb işçisi olaraq qəti şəkildə nə ana, nə də uşaq ölümünün baş verməsini istəmirəm. Bu, doğurdan da faciədir. Ümumiyyətlə, ölüm hər bir ailə, onun əhatəsi, cəmiyyət üçün bir fəlakətdir. Amma statistika ilə maraqlansaq, ABŞ kimi qüdrətli dövlətdə son 3 ildə ana ölümünün səviyyəsi 1,5 dəfə artıb. Bu göstəricini sıfıra endirmək dünyada da mümkün deyil. Elə bir ölkə tapmaq olmaz ki, ana ölümü sıfıra bərabər olsun. Təbii ki, Azərbaycanda səhiyyə sahəsində aparılan tədbirlər ana ölümü göstəricisinin dünyada ən qabaqda gedən ölkələr səviyyəsində azaldılmağa yönəldilib”.
Azərbaycanda ana ölümlərinin əsas səbəblərinə toxunan N. Quliyev qeyd edib ki, günahın çox böyük hissəsi hamilə qadınlarda və onun əhatəsində olan insanlardadır: "Müşahidələr göstərir ki, bu hadisələrin baş verməsinin əsas səbəbi bu anaların qeydiyyatdan kənarda qalması, hamiləliyini heç kimə bildirməməsi, ucqar kəndə hamilə olub heç bir tibbi xidmət almaması ilə əlaqədardır. Bu işə məsuliyyətsiz və etinasız yanaşmanın nəticələri olur. Təbii ki, qadın hamilə olduğu ilk gündən qeydiyyatda durursa, həkim nəzarətində olursa, o halda fəsad və ölüm halları da kəskin azalmış olur. Bu, reallıqdır. Ona görə də məsləhətim odur ki, o insanlar daim həkimlərin, tibb mütəxəssislərinin nəzarəti altında olsunlar”.