Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş pediatr: "Ölkədə heç bir yoluxucu xəstəlik epidemiyası yoxdur"

  • 2019.12.23 14:26
  • 4345 Baxış
Baş pediatr:   "Ölkədə heç bir yoluxucu xəstəlik epidemiyası yoxdur"
"Hər il olduğu kimi, bu il də payız və qış fəslində həm uşaqlar, həm də böyüklər arasında soyuqdəymə, mövsümi xəstəliklər çoxalıb".

Medicina.az xəbər verir ki, bunu APA-ya açıqlamasında baş pediatr, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda ölkə ərazisində heç bir qorxulu yoluxucu xəstəliyin epidemiyası yoxdur: "Qarşılaşdığımız ancaq mövsümə uyğun xəstəliklərdir. Xəstəliklər çoxsaylı viruslardan olur, bunları hətta adenoviruslar, venaviruslar, qrip, paraqrip viruslar, rotaviruslar və s. kimi qruplaşdırırlar. İndi belə bir şayiə yayılıb ki, guya Bakıda koksaki virusları yayılıb. Koksaki virusları da dediyimiz həmin viruslardan olan enterevirusların bir növüdür. Koksaki Amerikada bir şəhərin adıdır, ilk dəfə həmin xəstəlik orada aşkarlandığı üçün belə adlandırılıb. Digər viruslarda olduğu kimi, koksaki viruslarına da yoluxmaq mümkündür. Dünyanın bütün ölkələrində, şəhər və bölgələrində bu xəstəliyə rast gəlmək olur. Amma bu gün respublika ərazisində koksaki virusuna yoluxma halları yoxdur".

Baş pediatr qeyd edib ki, virusla xəstələnməni dəqiqləşdirmək üçün virusoloji müayinə aparılmalıdır: "İndi kim bu virusu necə müəyyən edir, şayiəni kim yayır, bilmirik. Bu xəstəliyin klinik əlamətləri də olur, xəstəlik özünü daha çox mədə-bağırsaq pozulması ilə göstərir, bəzən dəridə səpkilər olur. Digər viruslarda görünən bir qisim əlamətlər bu virusda da görünür. Virus xəstəliklərinin hamısında hansı müalicə aparılırsa, burada da həmin qaydada simptomatik müalicə aparılır. Əsas məsələ bu xəstəliklərdən qorunmaqdır. Birinci növbədə, uşaqların orqanizmini yay mövsümündə möhkəmləndirmək lazımdır. İkincisi isə uşaqlarda xəstələnmə əlamətləri görünən kimi onları uşaq kollektivinə, bağçaya, məktəbə buraxmaq olmaz. Bu uşaqların həkim təyinatına uyğun müalicəsi aparılmalıdır".