Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş epidemioloq İbadulla Ağayev: “Ölkəmizdəki laboratoriyada hər bir virusu təyin etmək mümkündür”

  • 2020.01.27 14:23
  • 50820 Baxış
Baş epidemioloq İbadulla Ağayev:   “Ölkəmizdəki laboratoriyada hər bir virusu təyin etmək mümkündür”
Azərbaycanda da sürətlə yayılmaqda olan yeni koronovirusla (2019-nCOV) bağlı ciddi narahatlıq var.

Medicina.az xəbər verir ki, Tibb elmləri dosenti, professor Adil Qeybulla yayılan yeni virusun Azərbaycana da keçəcəyini istisna etməyib və koronovirusun çox təhlükəli qrip növü olduğunu deyib. Həkim Azərbaycanda koronovirusu təyin üçün laboratoriyanın olmadığını iddia edib. Belə bir iddia ilə bir neçə gün əvvəl tanınmış pediatr Vaqif Qarayev də çıxış etmişdi.

O, Azərbaycanda “donuz qripi”ni təyin etmək üçün laboratoriyanın olmadığını bildirmişdi. Hər iki həkim Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında bu qrip növlərinin təyin edilməsinin mümkünsüzlüyünü iddia edir.

Həkimlərin qeyd etdiyi məsələ Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayevin narazılığına səbəb olub.

Nazirlik rəsmisi cebhe.info-ya açıqlamasında hər iki həkimin iddialarının əsassız olduğunu deyib.

O, Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasının bütün növ qrip viruslarının təyin etmə imkanına malik olduğunu bildirib:

“Bu stansiyada bütün qrip növlərini təyin etmək üçün beynəlxalq standartlara uyğun laboratoriya var. Həmin laboratoriyada dünyanın ən böyük ölkəsi olan ABŞ-ın Müdafiə Departamenti həm bu, həm də digər məsələlərlə bağlı treninqlər keçir. Necə yəni Azərbaycanda bu virusları təyin etmək üçün laboratoriya yoxdur? Ayıbdır... Hər iki həkimə hörmətim var. Amma adam bilmədiyi halda necə iddia edə bilər ki, yoxdur. Əgər onlar deyirlərsə ki, yoxdur, mən də deyirəm ki, var. Həmin laboratoriyada müasir tələblərə cavab verən hər cür şərait var. Dünyanın hər hansı bir yerindəki müayinələr və tədqiqatların aparılması bizim laboratoriyada da mümkündür. Həmin stansiyaya giriş xüsusi buraxılışla mümkündür. Kimin şübhəsi varsa, Səhiyyə Nazirliyinin xüsusi şöbəsindən icazə alıb laboratoriyada ola bilər. 2006-cı ildə Azərbaycanda sözügedən qrip növlərini təyin etmək mümkün olmurdu. Nümunələri Londona, Birləşmiş Ərəb Əmirliklərinə göndərirdik. Amma şükür ki, indi bütün şəraitlərə malik laboratoriyamız var və hər bir virusu orada təyin etmək mümkündür”.