Balqabaq qədim zamanlardan yetişdirilən tərəvəz bitkisidir. Yazda əkilən balqabaq payız fəslində yetişir. Müxtəlif növ vitaminlərlə zəngin olan bu tərəvəzdən təamlarda, xüsusilə də tibdə müalicə məqsədilə istifadə olunur.
"Medicina" xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov balqabaq şərbətinin hazırlanması və faydalarını açıqlayıb.
"Balqabaq baş tərəfdən elə kəsilir ki, əl içinə girə bilsin. Kəsildikdən sonra içindəki tumları təmizlənilir və tam dolanadək içinə bal doldurulur (bal olmasa, şəkər tozu da olar).
Əvvəlcə baş hissəni kəsdiyiniz qapağı üstünə qoyub sərin qaranlıq bir yerə qoyun. Bu qarışımı 2 gündən sonra istifadə etmək olar və 2 gündən sonra balqabağın içərisi şərbət kimi olacaq.
Balqabağın divar qalınlığından asılı olaraq bu proses 3-4 gündə çəkə bilər. Şərbəti şüşə bir qaba töküb ağzını bağlayın. Soyuducuda saxlayın. Bu şərbətdən səhər ac qarına 100 qram için, əgər qan azlığınız varsa, axşam yatmazdan əvvəl də 100 qram içə bilərsiniz. Balqabağın tərkibindəki bütün aktiv maddələr bu şərbətin içində vardır. Belə ki, balqabaqdakı beta karotin (bu bədəndə A vitamininə çevrilir) dərimizi hamar və gözəl edir, gözləri işıqlandırır, tük tökülməsinə faydalıdır, həmçinin şiş əleyhinə antioksidantdır, balqabaqdakı dəmir, sink isə qan azlığı, halsızlıq, yorğunluq, başgicəllənmələri zamanı faydalıdır.
Həkimin sözlərinə görə, balqabaq olduqca faydalı bir tərəvəz olmaqla yanaşı, qaraciyər üçün də xeyirlidir. Belə ki, bu tərəvəz qaraciyər xəstəlikləri zamanı əmələ gələn çatışmazlıqları aradan qaldırır (hepatitlər, sirroz, qaraciyər piylənməsi və s.), eləcə də ürək fəaliyyəti üçün faydalıdır:
"Çünki bu möcüzəvi tərəvəz damarların iç divarını təmizləyir, pis xolesterin səviyyəsini aşağı salır, bağırsaq qurdlarına qarşı, dalaq və qaraciyər böyüməsi zamanı faydalıdır. Böyrəklərin də fəaliyyətini artırır, böyrək çatışmazlığında və böyrək qumlarında faydalı olmaqla yanaşı böyrək iltihablarına da faydalıdır, prostat vəzin böyüməsində mükəmməldir. İmmuniteti olduqca yüksəldir, cinsi istəyi artırır, sonsuzluğun müalicəsində faydalıdır. Bu şərbətə pambıq batırıb yatmazdan əvvəl üzünüzü silin və 30 dəqiqə gözləyin üzdəki çillərə, səpgilərə qarşı faydalı olmaqla yanaşı, üz dərisini qurumaqdan qoruyur və elastikləşdirir, allergenlərə qarşı müqaviməti artırır. Bu şərbətdən təzyiqi olanlar və şəkər xəstələri çox az dozada istifadə edə bilərlər. Şərbətin dadlı olması üçün içinə 5-7 ədəd limon sıxmaq olar".
Aygün Musayeva