Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baku Medikal Plazada xəstənin qolunu bu hala saldılar - ŞİKAYƏT

  • 2022.12.22 15:21
  • 4304 Baxış
Baku Medikal Plazada xəstənin qolunu bu hala saldılar   - ŞİKAYƏT
“Qan azlığından əziyyət çəkən atam Habil Mehdiyevi “Baku Medical Plaza”da ağır vəziyyətə salıblar. Damarı tapmadıqlarından qanı dəri altına vurublar, nəticədə bir qolu qızarıb və şişib. Qızartı getdikcə yuxarıya doğru yayılır və həmin hissədən qanlı su gəlir”.

"Medicina" xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya zərərçəkənin oğlu Rövşən Mehdiyev şikayətini bildirib.

O bildirib ki, xəstəxana bu xidmət üçün onlardan 4500 AZN pul alıb:

“Atam qanazlığından əziyyət çəkir. Dekabrın 18-i səhhətində problem yarandı, həmin gün bazar günü olduğuna görə dövlət xəstəxanaları işləmirdi və məcbur olub “Baku Medical Plaza”nın Babək prospektində yerləşən filialına müraciət etdik. Atamı gecə saatlarında ambulansla xəstəxanaya apardılar. Orada bizdən 5 min AZN depozit istədilər və o məbləği ödədik. Dekabrın 20-si səhər zəng elədilər ki, sizin depozitdən cəmi 400 manat qalıb. Pulumuz qurtardığına görə onu xəstəxanadan çıxarmalı olduq. Evə gətirəndə gördük ki, qolu bu vəziyyətdədir”.


Şikayətçi bildirir ki, bu müddətdə onlara atasının səhhəti ilə bağlı məlumat verilməyib. Yalnız evə gəldikdən sonra vəziyyətdən xəbərdar olublar

: “Xəstəxana ilə əlaqə saxlamaq da mümkün deyildi. Bu müddətdə cəmi bir dəfə Gülnar adlı həkimi ilə danışa bilmişik, sonra dedilər ki, tez-tez zəng etməyin. Özləri də zəng edib məlumat vermirdilər. Atamın qanı düşmüşdü, xəstəxanada ona bu gün yarım ərzində ancaq qan vurulub. Xəstəxananın verdiyi kağızları başqa həkimə də göstərdik, məlum oldu ki, bir analizi 3 dəfə götürüblər. Yəni, bu məbləğ müqabilində göstərdikləri xidmət ancaq qan köçürülməsidir ki, onu da belə ediblər. Hazırda atam evdədir qolu isə getdikcə pisləşir və qızartı yayılır. Bunun fəsadları yəqin ki, sonradan çıxacaq, dəri altına yığılmış qan çürümə də verə bilər”.

Şikayətlə bağlı “Baku Medical Plaza”ya müraciət etdik. Xəstəxanadan sorğumuza belə cavab aldıq:

“Xəstə Habil Mehdiyev 18.12.2022 tarixində klinikamıza huşsuz komatoz vəziyyətdə, kəskin böyrək və tənəffüs yetərsizliyi ilə qəbul olunub. Aktiv reanimasion müdaxilələrdən sonra pasiyentin vəziyyəti nisbi stabilləşib, tənəffüs problemi, kəskin böyrək yetərsizliyi aradan qaldırılıb. Xəstənin vəziyyəti stabilləşdiyi üçün 20.12.2022 tarixində xəstə yaxınları xəstəni başqa tibb müəssisəsinə köçürməyə qərar veriblər. Xəstənin qolu xəstəxanadan çıxarkən o vəziyyətdə olmayıb”.

Müalicə xərcinin 4500 AZN olmasına gəlincə isə, tibb müsəssisəsindən bildirilib ki, bu məbləğ təkcə qanköçürmə üçün olan ödəniş deyil:

“Xəstə huşsuz vəziyyətdə xəstəxanaya daxil olub və reanimasiyaya yerləşdirilib. Qeyd edilən depozit reanimasiya üçün alınıb və xəstə evə buraxılanda yaxınlarına hesab-faktura verilib. Həmin hesab-fakturada məbləğin nəyə xərcləndiyi görünür”. /qafqazinfo.az/