Son günlər klinikamızda ağır xəstə yatan Lətafət Şirəliyeva dünən gecə dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə "
Baku Medical Plaza”dan məlumat verilib.
Klinikadan verilən məlumatda təəssüflə bildirilir ki, xəstənin öz səhhətinə laqeyd yanaşması ölümlə nəticələnib: "Son günlər mətbuatda haqqında məlumatlar yayılan Lətafət Şirəliyeva mayın 6-da gecə saatlarında dünyasını dəyişib.
1 gün əvvəl xəstənin ümumi durumu ciddi ağırlaşmış, əməliyyat edilərək ümumi anesteziya altında ona birmomentli fəsadsız traxeostoma açılmışdı. Saat 21:20-də EKQ-də öncə bradikardiya, ardınca asistoliya izlənilib. Dərhal reanimasion tədbirlərə başlanılıb. 10 dəqiqə sonra ritm bərpa olunub. Saat 21:40-da monitorda yenidən asistoliya izlənilib. Dərhal CRP olunub. 22:00-da yenidən ürək ritmi bərpa olunub. Lakin 22:57-də idioventrikulyar rtim, ardınca asistoliya izlənib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, üçüncü dəfə ürək ritmini bərpa etmək mümkün olmayıb. 23:49-da bioloji ölüm təsdiqlənib. Xəstənin ölüm səbəbinin araşdırılması, həkim səhvinin olmadığının təsdiqlənməsi ilə bağlı klinikamız tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edilib, faktla bağlı araşdırma aparılır”.