Ölkəmizdə qızdırma ilə müşayiət olunan və insanın canından gec çıxan qripə bənzər virusu ərəblərin gətirdiyinə dair bir sıra iddialar səslənir. İddialara görə, yayılan bu virus ancaq isti havada sönür və yatmış formaya keçir. Buna görə də bu cür qripə bənzər viruslar Azərbaycan kimi iqlimi olan ölkələrdə daha ağır formada keçir.
Məhz buna görə də bu qripin ərəblərdən bizə gəlmə olduğu iddialar arasındadır. İsti iqlimdə qısa zamanda viruslar daha tez ölür, soyuq havada isə onlar tez yayılır. Düzdür, bir sıra mütəxəssislər bunun səbəbini qar yağmaması səbəbindən mikrobların baş qaldırması ilə əlaqələndirir.
Hər kəsə məlumdur ki, ölkəmizə gələn turistlər arasında məhz ərəblər üstünlük təşkil edir. Məhz buna görə də əhalini bu cür iddialar bir qədər düşündürür. Qeyd edək ki, bir müddət öncə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (BEB) İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə quşlar arasında quş qripinin qeydə alındığını qeyd etmişdi. Bu ölkələrlə də kontaktı olan, ora səfərə gedib-gələn və yaxud da bu ölkələrdən Azərbaycana gələn vətəndaşlarımız kifayət qədərdir.
Maraqlıdır, ölkəyə qonaq gələn əcnəbilərin virus daşıyıcısı olub-olmadığını yoxlayan mexanizm mövcuddurmu?
"Ölkəmizə gələn hər bir xarici vətəndaşın səhhətində hansısa bir problem olduğundan şübhə edilərsə, o dərhal sərhəd keçid məntəqəsində tibbi müayinədən keçirilir və yalnız bundan sonra ölkəyə buraxılır”. Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Yeni Müsavat”a açıqlamasında bildirib: "Avropa, Rusiya və digər ölkələrdə olduğu kimi bizdə də kamera qoyulur, hətta kənarda mütəxəssislər dayanır. Ölkəyə gələn hansısa xarici vətəndaşın səhhətində şübhə edəcək bir durum olarsa, o, dərhal müayinə edilir. Əgər adamın qızdırması varsa, onlar tibb məntəqəsinə aparılır, yoxlamadan keçirilir. Həmçinin, belə şəxslərdən nümunə götürülərək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir. Hələ ki, elə bir halla üzləşməmişik ki, ölkəmizə gələn hansısa bir şəxsdə təhlükəli xəstəlik aşkarlansın. İstər donuz qripi, istərsə də quş qripi yayılan ərəfələrdə belə bir halla üzləşməmişik. Çünki sanitariya işçiləri, mütəxəssislər bu sahədə çox güclü işləyirlər”.