Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakının “tələbə dönərçiləri”: niyə ucuz satırlar, əti hardan alırlar, icazələri varmı? - REPORTAJ

  • 2019.03.15 11:23
  • 7164 Baxış
Bakının “tələbə dönərçiləri”: niyə ucuz satırlar, əti hardan alırlar, icazələri varmı? -  REPORTAJ
 

Xəbər verdiyimiz kimi, martın 13-də Bakının  Nərimanov rayonunda ‘‘Köz dönər’’ kafesində dönər yeyən 7 tələbə zəhərlənmişdi. İki gün xəstəxanada intensiv müalicə alan gənclər vəziyyəti normallaşdıqdan sonra evlərinə buraxılıblar. 

 

Bu zəhərlənmə hadisəsi Bakıda fəaliyyət göstərən dönərxanaların gigiyenik qaydalara nə dərəcədə  riayət etdiyini və belə məkanlarda qidalanmağın insan sağlamlığı üçün nə qədər risk daşıdığını gündəmə gətirib.


Medicina.az bildirir ki,  "BakuPost” bu məqsədlə paytaxtda tələbələrin ən çox olduğu "Elmlər Akademiyası” metrostansiyası ətrafında fəaliyyət göstərən və normal restoranlardan xeyli ucuz qiymətə dönər satan, özlərinin deyimi ilə "tələbə dönərçiləri”ndəki gigiyenik vəziyyəti araşdırıb, belə məkanların təmizliyi, dönəri hansı şəraitdə hazırladıqları, əti haradan aldıqları, ümumiyyətlə hansısa qurumdan icazə alıb-almadıqlarını öyrənməyə çalışıb. 


Böyük dönər restoranlarında dönərin qiyməti 2 manatdan ucuz olmadığı halda, belə kiçik məkanlarda qiymət 1,2-1,5 manat arası dəyişə bilir. Bəs, bu qiymət fərqini doğuran səbəblər nələrdir? Ucuz dönərçilərin istifadə etdikləri ət haradan gəlir, nə ətidir?

Metronun "Elmlər Akademiyası” stansiyası ətrafındakı belə kiçik dönərçilərdə işləyən sahibkar və dönər ustaları ilə söhbətimizdə onların hamısı bildirdi ki, əti Bakıda hər kəsin tanıdığı firmalardan alırlar: "Biz toyuq ətini əsasən "Səba” şirkətindən, mal ətini isə "Tac ət” şirkətindən alırıq. Bakıdakı bahalı dönər restoranlarının da demək olar, hamısı əti elə bu firmalardan alır. Yəni bahalı dönərçilərlə bizim dönərlərin ətinin arasında heç bir fərq yoxdur. Sadəcə, onların obyektəri böyükdü, xərcləri çoxdu və bir az da çox tanınırlar deyə qiyməti bizdən baha qoyurlar”  deyə, özünəməxsus köşkdə dönər satan usta qiymət fərqinin səbəbini izah edir. 


Burada işləyən ustalar deyir ki, dövlət qurumları mütəmadi olaraq onların fəaliyyətini yoxlayır və işləmək üçün sertifikat verir: "Bizim işlədiyimiz obyektlər də başqa yerlər kimi mütəmadi yoxlamadan keçirilir. Müfaviq dövlət qurumlarının işçiləri gəlib təmizliyi, ətin keyfiyyətini və s. yoxlayıb, sertifikat verir. Yəni qayda-qanunsuz, icazəsiz işləmirik. Biz burda köhnə məhsullardan, xarab ətlərdən istifadə eləsək, işləməyə imkan verməzlər. Hər şeydən əvvəl bu, bizim özümüzə ziyandı. Müştəriyə bir dəfə xarab dönər verərsən, ikinci dəfə o müştəri bura gəlməz”. 


Dönərçilər deyir ki, məhsullarını əlbəttə onlar da bu qədər ucuz satmağ istəmirlər, ancaq məcburdurlar: "Bizim əsas müştərilərimiz tələbələrdir. Tələbədə də pul hardandı?! (gülür). Tələbənin pulu olsa, gedib bahalı restoranda yeyər də dönərini. Əgər gəlib məndən dönər alırsa, deməli, onun imkanı aşağıdır. Ona görə də biz də çalışırıq, qiyməti çox baha qoymayaq ki, müştərilərimizi itirməyək. Dönəri mən də ordakı böyük restorandakı qiymətə satsam, əlbəttə, tələbə gedib oturacaq orda rahat yerdə”.


Ətin keyfiyyətinə necə qarantiya verdiklərini soruşduqda isə danışdığımız bütün dönərçilər sözü bir yerə qoymuşcasına, yanındakı işçiləri göstərib "gündə neçəsini yeyir, gör, zəhərlənənə oxşayır?”  yarızarafat cavab verirlər. 


Əlahəzrət fakt isə odur ki, Bakıda mütəmadi olaraq dönərçilərlə bağlı belə zəhərlənmə şikayətləri olur. Görünür, dövlət qurumları belə məkanlarla bağlı nəzarətlərini bir az da gücləndirməlidir. Çünki baş verən faktlar onu deməyə əsas verir ki, nəzarət yetərli deyil. 


Aytac Zeynalova