Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sahibsiz dərman bazarı: “Sistemin özü 16, vurulması 50 manat, kim sağala bilər?” REPORTAJ

  • 2020.12.17 16:32
  • 2841 Baxış
Sahibsiz dərman bazarı: “Sistemin özü 16, vurulması 50 manat, kim sağala bilər?”  REPORTAJ
Son zamanların ən çox müzakirə olunan mövzularından biri koronaviruslu xəstələrin müalicə xərcləridir.

Məlumdur ki, xəstəxanalar doludur, hər kəsin xəstəxanada müalicə olunmaq və dövlət vəsaiti hesabına dərmanla təmin edilmək şansı yoxdur. Təcili tibbi yardım çağırıldıqdan azı bir neçə gün sonra gəlir, simptomsuz təmaslılardan test belə götürülmür. Özəl xəstəxanalarda yaxma testin qiyməri 100 manatdan başlayır. Bir neçə poliklinikada PZR test 40 manata təklif olunsa da, bu, ancaq uçuş bileti olanlara aiddir.

Belə bir şəraitdə ümid ancaq insanın özünə, yaxınlarına, güvəndiyi həkimə və həkimin insafına qalır. Bu zamanda ortaya başqa problem çıxır- dərmanlar tapılmır, tapılanda da elə qiymət qoyulur ki, onu almaq hər xəstənin cibinə görə deyil. Nəzərə alsaq ki, evdə bir yoluxmuş şəxs böyük ehtimalla digər şəxslərlə də təmasda olduğuna görə başqalarını da yoluxdurur, bu da müalicə xərclərini dəfələrlə artması deməkdir.

87 manatlıq profilaktika



Cebhe.info durumu öyrənmək, koronavirus dərmanlarının qiyməti ilə maraqlanmaq üçün bir neçə aptekdə oldub. Öncə həkim tərəfindən yazılan profilaktik xarakter daşıyan reseptin qiymətini araşdırdıq. Reseptdə ancaq profilaktik dərman preparatları-vitamin C, vitamin D, “Parasetamol” kimi preparatlar vardı. Bir nəfər üçün nəzərəd tutulan reseptdəki dərmanların hamısı bir aptekdə 83, digərində 87 manata hesabalandı. Vurğulayırıq ki, bu hələ müalicə deyil, xəstələnməmək üçün tədbir xarakterli dərmanlardır. Ancaq bir çox hallarda bu profilaktika da işə yaramır və virusa yoluxduqdan sonra xəstənin vəziyyətinin ağır və yüngüllüyündən asılı olaraq dərmanlar da, qiymət də dəyişir. Təbii ki, həkimin məsləhət gördüyü dərmanları tapa bilsəniz…

Dərmanlar yoxa çıxıb

Biz də tapa bilmədik. “Nizami” metrosu, “Qış parkı” ətrafındakı apteklərdə “Arbidol”, “Kleksan” kimi dərmanların artıq çoxdan tapmaq mümkün deyil. Əczaçılar bildirdi ki, heç depodan da sifarişə ümid etmək olmaz, bu dərmanları tapmaq indi əsl bacarıq tələb edir. Hətta vitamin C belə yoxa çıxıb: “Nisbətən ucuz-8-13 manat olan vitamin C çox alınır, ona görə də nisbətən bahalı olanlar qalıb. Vitamin D də yüksək dozada olan yoxdur, damcı şəklində olanlar var, flakonu 8 manatdır”.

Hamı oranı nişan verir…

İndi elə zamandır ki, aptekə gedənlərin hamısını demək olar ki, ortaq xəstəlik birləşdirir-koronavirus. Ona görə də bir-birlərinə yardımçı olmağa çalışırlar. Kimi yaxşı həkim məsləhət görür, kimi tapılmayan dərmanların tapılması üçün aptek nişan verir. Ən çox adı çəkilən isə “Elit” aptekdir. Ad mənə tanışdır, çünki cəmi 1 ay əvvəl Azərbaycanda çoxdan yoxa çıxan, satışı nədənsə əngəllənən dərman preparatını məhz bu aptekdən sifarişlə ala bilmişdim. Həm də aptekin saytında yazılan qiymətdən azı 2 dəfə baha-100 manata. Ona görə də bu dəfə yolumu mənə nişan verilən digər aptekə-Hüseyn Cavid prospektindəki apteklərdən birindən saldım.

“Gündə azı 100 xəstə gəlir”

Aptek boş idi, əczaçıdan səbəbini soruşanda bunu SMS icazə ilə əlaqələndirdi. Qeyd etdi ki, gün ərzində orta hesabla 100 nəfər koronavius müalicəsi üçün müraciət edir: “İndi SMS icazədir deyə gələnlər gün ərzində paylanır. Kimə icazə nə vaxt verilsə, onda gəlir. Hamısı ida öskürür. Siz son günlər bura gələn yeganə adamsınız ki, öskürmürsünüz. Vəziyyət çox pisdir, hamı xəstədir. Hərə əlində bir reseptlə gəlir. Bir ailədə 3-4 nəfər xəstə olur”.

“Nədənsə son günlər “Kleksan” verirlər”

Bu şəxslərin xəstə ola-ola aptekə necə getməsinə gəlincə, söhbət zamanı o da məlum olur ki, çoxu test vermədiyinə görə adı rəsmi xəstələri siyahısında olmur. Özlərində xəstəliyin əlamətini görürlər, tanış həkimə müraciət edib resept yazdırırlar və evdə müalicəyə başlayırlar. Bu aptekdə də digərlərindəki kimi “Arbidol” yoxdur. Əvəzedici olan “Arbivir” 18 manatdır.

“Kleksan” isə son 2 gündə tapmaq mümkün olur. Əczaçı deyir ki, son bir neçə ayda “Kleksan” tapmaq olmayıb, ancaq son bir neçə gündə aptek bu preparatı depodan götürə bilir: “əvəvl yox idi, son günlər gətirirrik. Gələn kim də bitir, heç günorataya qalmır. Bu gün də depodan gətiriləcək. Qiyməti 14 manatdır”. Qandurulaşdırıcı kimi ən çox tələbat “Aspirin kardio”yadır, onu 4 manata alma mümkündür: “Hər kəs lazım oldu-olmadı, “Aspirin kardio” içir. Qandurulaşdırıcıdır. Hamı Vitamin D, C qəbul edir. Amma daha çox ucuz olandan alırlar”.

Bir sistem 16 manat…

Bir nəfərin müalicə xərci ilə maraqlanıdıq. Hər halda bunu əczaçıdan yaxşı bir də xəstələr özləri bilər: “Bir nəfər orta dərəcədə koronavirus xəstəsinin müalicəsi üçün azı min manat tələb olunur. Əsas pulu antibiotik tərkibli sistemlər tutur. Bir ədəd belə sistemin tərkibi 16-18 manata başa gəlir. Həkim ən azı 10-15 ədəd yazır. Tərkibindəki dərmanlardan asılı olaraq qiymət dəyişir. Bunlar elə sistemlərdir ki, adi vaxtlarda onlardan ayda 1-2 ədəd satmazdıq. İndi az ala bütün reseptlərdə bu tərkibdə sistemlər var. Ən çox pulu da məhz bu sistemlər tutur”.

Sistem vurmaq üçün 500 manat



Sistem demişkən, hətta sistem qoşmaq üçün avadanlıq da kifayət qədər bahadır və bəzən əvvəlcədən sifariş vermək lazım gəlir. Sistem həm də başqa br problemi ortaya çıxarıb-tibb bacısı. Əgər tibb bacısı olmasa, o bahalı sistemləri kim vuracaq? Bu isə ən problemli məsələdir. Ona görə ki, əvvəllər evdə xəstəyə sistem vurmaq üçün qiymət 3-5 manat arasında dəyişirdisə, indi bu qiymət bəzən 50 manata qədər çıxır. Vəziyyət o yerə çatıb ki, sosial şəbəkələrə “Sistem qoşmaq üçün tibb bacısı axtarıram” elanları ilə dolub daşır. Bəxtinzi gətirsə, 20 manata da tapa bilərsiniz, ancaq bu zaman ərazinin yaxınlığı, tanışlıq kimi amillər nəzərə alınır. Əczaçı deyir ki, aptekdən sistem alanlar tibb bacısı da axtarır:

“Hamı deyir ki, tibb bacısı evə gəlmir. Gələndə də hər sistem üçün 50 manat istəyir. Çünki özlərinin də yoluxmaq təhlükəsi var və bu zaman onun da xərci çıxacaq. Evlərə getmək üçün xüsusi geyimləri də yoxdur, digər tərəfdən də ev şəraitində müalicə olunan xəstənin ağırlaşmasından qorxurlar, məsuliyyətdir. Sistem vurulması üçün tibb bacısına verilən pul sistemin özündən 2 dəf baha olur. Bu da xərcə hesablanır. 10 ədəd sistemə 160 manat verən adam var ki, sistemlərin vurulmasına 500 manat verib. Kimin pulu varsa sağalar, kimin yoxdursa…”

Beləliklə, apteklərdəki müşahidələrimizi yekunlaşdırırq. Görünən odur ki, “Hər kəs özünün həkimi olmalıdır” deyənlər yanılmayıb. Bu qiymətlərlə virusa yoluxaraq sağalmaq isə hər kəsin işi deyil.

Elnarə Kərimova
Cebhe.info