Bölgələrdə nə qədər yeni klinikalar tikilsə də, hər hansı xəstəliyə yoluxduqda rayon əhalisi paytaxt xəstəxanalarına üz tutmağı seçir. Bakıdakı xəstəxanalara daha çox güvənən əhali müayinədən əlavə, ağır qəzada yaralanmış, ağacdan yıxılıb qolunu, ayağını qırmış, hansısa hadisə nəticəsində ağır xəsarət almış, infarkt keçirmiş və yaxud kəskin ağrıları olan yaxınlarını rayondakı tibb müəssisələrinə əmanət etmir. Onlar bütün riskləri gözə alaraq saatlarla yol qət edib, Bakıya gəlirlər. Lakin xəstəxanalarda müəyyən problemlərlə qarşılaşma ehtimalını nəzərə almırlar.
Bu yaxınlarda ağacdan yıxılıb, beyindaxili qansızma diaqnozu qoyulmuş dayısını 1 saylı Şəhər Klinik xəstəxanasına (Semaşko) gətirən, lakin qapıda qalan rayon sakini kimi. Pasiyenti qəbul etsələr də, "Semaşko”da xəstə yaxınlarına bildirilib ki, burada qala bilməz və onu çıxarmaları tələb olunub. Xəstə yaxınları ilə xəstəxana işçiləri arasındakı uzun mübahisədən, xahiş-minnətdən sonra onun reanimasiyada gecələməsinə imkan verilib. Səhər isə başqa xəstəxanaya köçürülüb və orada əməliyyat olunub.
Buradan isə belə qənaətə gəlmək olar ki, özbaşına hansısa xəstəni gətirib paytaxtdakı xəstəxanaya yerləşdirmək bir az qəliz məsələdir.
Bəs xəstəxana rəsmiləri özləri bu haqda nə deyir: onlar pasiyentləri hər hansı göndəriş olmadan, birbaşa qəbul edirmi?
Respublika Klinik Xəstəxanasının poliklinika üzrə baş həkim müavini Kəmalə Orucova Medicina.az-a açıqlamasında bildirib ki, istər təyinatla, istər təyinatsız Bakı şəhəri və bütün rayonlardan birbaşa xəstəxanaya gələn istənilən ağırlıqda xəstəni qəbul edirlər: "Xəstəxanada 5 qəbul şöbəsi var. Bütün profillər üzrə ixtisaslaşmış xəstəxanadır. Birbaşa təcili və təxirə salınmaz yardıma ehtiyacı olan istənilən şəxsi qəbul edib, müayinə edirik. Bura daxildir travmalar, qəzalar, daxili qanaxmalar, ilan vurma, cərrahi xəstəliklər, beyin qan dövranı pozğunluğu, miokard infarktı, doğuş və s. Ekstremal və təcili yardım tələb olunan bütün hallarda xəstəni lazım gələrsə stasionarda yerləşdirməyə hər bir şəraitimiz var. Xəstəni qəbul etməyib, başqa xəstəxanaya göndərmək həm xəstə üçün, həm bizim üçün təbii ki, risklidir. Allah göstərməsin, yolda bir şey olsa, kim cavabdeh olacaq? Bizim işimiz insanlara xidmət göstərməkdir. Bəli, axın çoxdur, hamı buranı tanıyır. Planlı, plansız, təcili, qeyri-təcili - hər kəs bura gəlmək istəyir. Biz bu axının qarşısında var gücümüzlə dayanmışıq. Həm personal, həm təmir olunmuş xəstəxana, həm korpuslar, həm avadanlıqlarımız - hər bir cəhətdən imkanımız var ki, əhalinin xidmətində dayanaq. Özünü bizim xəstəxanaya yetirəni birmənalı olaraq qəbul edirik”.
1 saylı Şəhər Klinik Xəstəxanası (Semaşko) da istər paytaxt, istər bölgələrdən olan insanların ən çox üz tutduğu xəstəxanadır. Yaxın vaxtlarda rayondan gələn xəstənin burada problem yaşadığını nəzərə alaraq, xəstəxana rəhbərliyinin bu barədə fikrini soruşduq.
Baş həkimin müavini Adil Salahov "Semaşko”ya kimlərin qəbul oluna biləcəyi ilə bağlı suala belə cavab verdi: "Xəstəxanamızın nəzdində təcili təxirəsalınmaz tibbi yardım xidməti olduğundan istər şəhər, istər rayonlardan, istər yoldan gətirilən xəstələri qəbul edib, yardım göstərə bilərik. Biz müştərək travmaları qəbul edən yeganə xəstəxanayıq. Qarındaxili travmalar, baş kəllə sınıqları, kəllə-beyin, üz-çənə və s. travmalar, həmçinin 3 yaşından yuxarı uşaqları qəbul edirik. Lakin rayondan gələn xəstələri əsasən Respublika Klinik Xəstəxanası qəbul edir. Beyin və kəllə travması Neyrocərrahiyyəyə yönləndirilir”.
A.Salahov qeyd edib ki, rayonlardan olan xəstələr ilk növbədə rayon xəstəxanasına çatdırılmalıdır: "Əgər orda məsləhət bilsələr ki, bu xəstə Bakıya getməlidir, bizə baş həkim zəng edir, xəstə barədə məlumat verir, yerimiz varsa və yolda daşınmaya uyğundursa, göndəriş verilir. Xəstə təcili yardım maşınıyla, xüsusi aparata qoşulmuş halda gəlməlidir. Rayondan göndərişlə gələn xəstənin cavabdehi bu halda həmin xəstəxana olur. Çünki uzun yol və vaxt xəstə üçün təhlükəli ola bilər. Belə vəziyyətlərdə özbaşına hərəkət etmək olmaz. Xəstə yolda silkələnə bilər, qanaxma olar, tənəffüsü dayanar. Bunu xəstənin qohumları, ailəsi də nəzərə almalıdır ki, bu halda cavabdeh onlar olur. Öz ayağı ilə, maşınla gələn, təcili təxirəsalınmaz yardıma ehtiyacı olmayan xəstələri isə Respublika Klinik Xəstəxanası qəbul edir. Çünki bütün rayonlara xidmət etmək üçün o xəstəxananın böyük imkanları və yeri var. Biz bu qədər axını qəbul etsək, şəhər üzrə xəstələrə yerimiz qalmaz. Ona görə də planlı müalicəyə ehtiyacı olan xəstələr maşınla, taksi ilə gəlirsə, ilk olaraq Respublika Klinik Xəstəxanasına müraciət etsinlər”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə bölgə əhalisinin paytaxt xəstəxanalarına deyil, elə rayonlardakı tibb müəssisələrinə üz tutmasının məqsədəuyğun olduğunu düşünür: "Hamı istəyir ki, paytaxta gəlsin, Respublika Klinik Xəstəxanasına və ya 1 saylı Şəhər Kliniki Xəstəxanasına düşsün. Axı rayonlarda olan xəstəxanalar Bakıdan geri qalmır, istər avadanlıq, istər mütəxəssis baxımdan yüksək səviyyədə təşkil olunub. Xəstə müvafiq rayon xəstəxanasına aparılır, orda müayinə olunur, konsilium keçirilir, o profilə uyğun müalicəyə imkan olmazsa - bu da nadir hallarda baş verir – Bakıya uyğun profilli xəstəxanaya göndərişlə göndərilir. Göndərişsiz gələn xəstələrin uyğun olmayan xəstəxanaya düşməsi mümkün deyil. Bakıdakı xəstəxanalar o qədər axına hesablanmayıb. Lakin bölgədən olan vətəndaş Bakıda hər hansı xəstəxanaya yaxın yerdə yıxılıbsa, halı pisləşibsə, təbii ki, xəstəxana və hətta apteklər belə o insana yardım etməlidir. Dərhal yaxın xəstəxanaya yerləşdirilə bilərlər. Bu, nəinki həkimlik, həm də insanlıq borcudur. Lakin səhhətindəki problemlə bağlı xəstəni təcili maşına qoyub kor-təbii olaraq Bakıya çatdırmaq düzgün olmaz və qəbulda müəyyən problemlər yarada bilər. Ona görə rayon xəstəxanasına müraciət ən düzgün variantdır”.
Aygün Musayeva