Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıdakı COVID-19 xəstəxanaları TƏBİB-dən alınıb? - RƏSMİ CAVAB

  • 2021.08.31 15:04
  • 2130 Baxış
Bakıdakı COVID-19 xəstəxanaları TƏBİB-dən alınıb? -  RƏSMİ CAVAB
Son günlər yoluxma sayındakı artıma, poliklinikalar qarşısındakı vaksin növbəsinə, müraciət edən vətəndaşlardan günlərlə, hətta həftələrlə test götürülmədiyinə görə cəmiyyət tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tənqid olunur.

Kütləvi narazılıqlara səbəb olan TƏBİB-in yarıtmaz fəaliyyəti artıq hökumət strukturlarını hərəkətə gətirib.

Belə ki, artıq dəfələrlə yoluxma sayındakı statistik göstəricilərə Bakı liderlik etdiyi üçün TƏBİB-in buradakı bütün səlahiyyətləri əlindən alınıb. Məlumata görə, COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanalarına nəzarət Səhiyyə Nazirliyinə həvalə olunub.

Medicina.az -ın məlumatına görə, bununla bağlı TƏBİB-dən Bakupost.az -a daxil olan məlumatda qeyd olunur ki, səlahiyyət dəyişikliyi ilə əlaqədar şaiələr həqiqəti əks etdirmir:

"Pandemiya ilə mübarizə çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, xəstəxanalarda stasionar müalicə TƏBİB tərəfindən həyata keçirilir".

Sözügedən dəyişiklik TƏBİB-dən rəsmi olaraq təsdiqlənməsə də, müraciət edənlərə bildirilir ki, Bakı ərazisindəki xəstəxanalar onların nəzarətində deyil. Abşeron, Sumqayıt və regionlardakı modul tipli xəstəxanalar, həmçinin COVID-19 üçün ayrılan tibb müəssisələri isə TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Səhiyyə Nazirliyindən də bildirilib ki, onlarda belə bir dəyişikliklə bağlı hər hansı məlumat yoxdur.

Ehtimal olunur ki, bu gün Səhiyyə Nazirliyi bütün paytaxt Bakıya nəzarəti öz əlinə götürürsə, qısa müddət sonra bütövlükdə Azərbaycan səhiyyəsinə də nəzarət edəcək.

Bu addım TƏBİB-ə dəstək və ya Səhiyyə Nazirliyini yenidən “dirçəltmək” üçün atıla bilər. Lakin bu həm də çaşqınlıq yaradır. İndi insanlar iki qurum arasında qalıb...