Ötən gün, dekabrın 9-da Bakı şəhərində bir neçə tibb müəssisəsində xəstələr və həkimlər arasında qidadan zəhərlənmə halı qeydə alınıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb:
"Zərərçəkənlər zəruri tibbi müayinələrdən keçirilib və onlara müvafiq tibbi yardım göstərilib. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib. TƏBİB nümayəndələri zərərçəkənlərə baş çəkib, onların vəziyyətləri ilə maraqlanıb. Yaranmış vəziyyətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib. Hazırda AQTA və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb".