Avropa, habelə digər qitələrdə qabaqcıl ölkələr
artıq 2 hissəli şprislərə keçib. Hissə nə qədər az olarsa, şprisi steril etmək
daha asan olur
Azərbaycanda standartlara uyğun olmayan, Çin
istehsalı saxta şprislər satılır.
Medicina.az xəbər verir ki, bu barədə sputnik.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub
Hüseynov deyib.
O
bildirib ki, vətəndaşlardan bu barədə Birliyə çoxlu sayda şikayətlər daxil
olub: "İnsanlar bizə zəng edərək, apteklərdə Çin istehsalı olan saxta
şprislərin olduğunu bildiriblər. Sözügedən şprislər insan sağlamlığı üçün çox
təhlükəlidir və vətəndaşlar buna görə çox narahatdırlar".
E.Hüseynov Sputnik-ə açıqlamasında
satışdakı standartlara uyğun olmayan və təhlükəli şprislər barədə məlumat
verərək bildirib ki, belə şprislər üç hissəli olur: "Bu şprislər silindr,
porşen və onun sonluğunda yerləşən və ayrıla bilən qara rəngli rezindən
ibarətdir. Standartlara uyğun və təhlükəsiz şprislərin isə porşeninin sonluğu
qopmur və ayrılmır. Normal şprislər iki hissədən ibarət olur - porşen və
silindrdən. İstifadə edildikdən sonra isə təhlükəlilərdən fərqli olaraq azca
əyməklə sındırılıb tullanılır. Təkrar istifadəsi mümkünsüz olur".
Birlik sədri deyir ki, Azərbaycan
Standartlaşdırma İnstitutu da saxta şprislərlə bağlı araşdırma aparıb:
"İnstitut ölkədə standartların tələblərinə cavab verməyən, Türkiyə, Çin və
digər ölkələrdən idxal olunan, insan sağlamlığı üçün təhlükə törədən şprislərin
mövcudluğunu təsdiqləyib. Hətta institut rəhbərliyi bu şprislərlə bağlı
Rusiyada ekspertiza aparılması üçün müraciət də edib. Həmin ekspertiza
sənədlərində də Azərbaycan bazarında satılan şprislərin standartlara uyğun
olmadığı təsdiqlənib. Şprislərin saxta olduğunu təsdiqləyən ekspertiza
sənədləri rus dilindədir və 30 səhifədən ibarətdir. Biz bu sənədləri
İnstitutdan əldə etmişik. Kim istəsə, biz həmin sənədləri təqdim etməyə
hazırıq".
Ekspertiza sənədlərinin təhlili göstərir ki,
Azərbaycanda apteklərdə satılan Türkiyə və Çin istehsalı olan 6 növ 9 adda
şprislər Rusiyada 14-dən çox parametr üzrə ekspertiza olunub.
"Nə şprislər, nə də iynələri əksər
göstəricilər üzrə normativ tələblərə cavab verir. Ekspertizaların nəticəsi
təhlükəli şprislərin bir çox nöqsanlarını, o cümlədən onların bölgü şkalasının
düzgün olmadığını, porşenin dəyişdirilib yenidən istifadə olunduğunu, tullantı
materialından hazırlandığını və s. üzə çıxarıb. Şpris üçün iynələrin də təkrar
istifadə olunması, ucluğunda insan damarlarına ciddi zərər verə biləcək
nöqsanların olduğu aşkar edilib", - deyə Birlik sədri bildirib.
Ekspertizaya Türkiyənin "Ayset Tibbi",
"SET MEDİKAL" "Gienjest", Çinin "Changzhou
Medikal", "Changzhou", "Shandonq Zibo Medikal"
firmalarının istehsalı olan və Azərbaycanda apteklərdə satılan şprislər
göndərilib.
E.Hüseynov hazırda da bu firmaların istehsalı
olan təhlükəli şprislərin apteklərdə satıldığını bildirir.
Ekspertizada standartlara
uyğun istehsal olunmadığı və təhlükəli olduğu təsdiqlənən şprislərin apteklərdə
satıldığını müşahidə edib. Məsələn, Nizami küçəsində yerləşən apteklərdə üç
hissədən ibarət şprislər 10 qəpiyə satılır.
Azərbaycan Standartlaşdırma İnstitutundan isə
Sputnik Azərbaycan-a bildirilib ki, monitorinqlər zamanı Azərbaycanda
apteklərdən alınan şprislərin nə dərəcədə standartlara cavab verdiyini yoxlamaq
üçün sözügedən xarici şirkətlərin məhsulları xaricdə akkreditasiya olunmuş
laboratoriyalara göndərilib:
"Təəssüf
ki, nəticə heç də ürəkaçan olmayıb. Məlum olub ki, şprislərin iynələrinin
ölçüləri və qalınlıqları standartlara uyğun deyil. Bu da istifadə zamanı
insanlara əziyyət verir. Həmçinin vurulan mayenin bir hissəsi geri qayıdır,
insan bədəninə keçmir. Nəticədə xəstələr lazımi dozanı ala bilmirlər.
Eyni zamanda bu şprislərin şkalası düzgün
göstərmir. Sözügedən şprislər 2 hissəli və 3 hissəli olur. Avropa, habelə digər
qitələrdə qabaqcıl ölkələr artıq 2 hissəli şprislərə keçib. Hissə nə qədər az
olarsa, şprisi steril etmək daha asan olur. Üç hissəli şprislərdə sterillik
30-35% risk altına düşür. Bu da hər üç belə şprisdən birinin tam steril olmadığı
riskini artırır.
Çox təəssüf ki, bizdə isə hələ də 3 hissədən
ibarət keyfiyyətsiz şprislər satılır. Şprisin hermetikliyini təmin etmək
məqsədi ilə isifadə olunan həmin qara rezin hissə bir çox dərmanla reaksiyaya
girərək, insanlarda allergik fəsadlar törədir və bu şprislər çox qaldıqda həmin
rezinlər zaman keçdikcə quruyur. Ondan qopa biləcək mikrohissəciklər istifadə
zamanı insan həyatına təhlükə törədir. Ona görə də inkişaf etmiş ölkələrdə belə
şprislərin istifadəsi qadağandır".
Sputnik Azərbaycan-ın saxta və təhlükəli
şprislərlə bağlı sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik
Ekspertiza Mərkəzinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi
Esmira Əkbərova bildirib ki, Mərkəzə heç bir vətəndaşdan bu xüsusda şikayət
daxil olmayıb:
"Tövsiyə
edirik ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar
xəttinə zəng edərək və ya AEM-in "Bir Pəncərə" xidmətinə
yaxınlaşaraq, əyani olaraq şikayətlərini bildirsinlər".
Qeyd edək ki, bu ilin mayında Pirallahı Sənaye
Parkında "Diamed Co" şpris istehsalı zavodu işə salınıb. Ümid edək
ki, Azərbaycanın yerli məhsulu idxaldan asılılığımızı azaldaraq keyfiyyəti ilə
üzümüzü ağ edəcək.